Tehranda cümə namazına başçılıq edən Ayətullah Əhməd Xatəmi Səudiyyə Ərəbistanını Suriya və İraqdakı "İslam Dövləti" (İŞİD) təşkilatının yaraqlılarını maliyyələşdirməkdə ittiham edib.
Tehranla ər-Riyad arasında gərginlik Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Səud əl-Feysəlin bəyanatından sonra yenidən alovlanıb. Şahzadə deyib ki, İran Suriyada, İraqda və Yəməndəki problemin bir parçasıdır və o, özünün işğalçı qüvvələrini bu üç ölkədən çıxarmalıdır.
Əhməd Xatəmi isə oktyabrın 17-də Tehranda cümə namazı zamanı əl-Feysəlin bəyanatından və onun özündən söz açıb: "Səudiyyə Ərəbistanının xarici işlər naziri deyir ki, İran problemin həlli yox, onun bir hissəsidir. Bu, çox qəribə səslənir. Hamı bilir ki, İŞİD sizin neft dollarlarınızla yaradılıb. Hamı bunu da bilir ki, İslam dünyasında hər bir terror aktını səudiyyəlilər maliyyələşdirir… Həqiqət bundan ibarətdir ki, siz problemin bir hissəsi yox, onun hamısısınız!"
İran lideri Ayətullah Əli Xameneyinin ruporu sayılan "Keyhan" qəzeti oktyabrın 16-da əl-Feysəli daha kəskin tənqid edən baş məqalə ilə çıxıb.
"Səud əl-Feysəlin anti-İran qeydləri o qədər səfehdir ki, bunları yalnız parkinson və altsheymer xəstəsi olan adam deyə bilərdi" - yazır "Keyhan".
Sünni Səudiyyə Ərəbistanı və şiə İran arasında münasibətlər 2013-cü ildə Həsən Ruhaninin prezident seçilməsi ilə yumşalsa da gərginlik qalmaqda idi. İndi Suriya və İraqda İŞİD məsələsinə görə əlaqələr yenidən pisləşməyə başlayıb.
Hər iki ölkə İŞİD-in əleyhinə olsa da Səudiyyə Ərəbistanı İranın ərəb ölkələrində şiə qruplarını dəstəkləməsindən, İran isə Səudiyyə Ərəbistanının İŞİD-ə qarşı ABŞ koalisiyasına qoşulmasından narazıdır.
.