ABŞ rəsmilərinin verdiyi məlumata görə İran Fars körfəzində ABŞ-ın 10 dənizçisini və onlara məxsus iki kiçik gəmini saxlayıb.ABŞ rəsmisinin BBC-yə verdiyi məlumata görə Küveytdən Bəhreynə gedən gəmilərlə radio əlaqəsi kəsilib.Həmin rəsminin sözlərinə görə, Tehran hadisə barədə ABŞ-a məlumat verib və bildirib ki, "dənizçilər tezliklə səfərə davam etdirə biləcəklər”.
Bu hadisə gəmilərdən birində nasazlıq baş verdikdən az sonra Farsi adasının yaxlınlığında baş verib.
İnsidentlə əlaqədar ABŞ dövlət katibi Con Kerrinin təcili qaydada İranın xarici işlər naziri Cavad Zəriflə danışıqlara başladığı xəbər verilib.
Adının çəkilməsini istəməyən rəsmi "Frans Press” agentliyinə bildirib ki, Kerri və Zərif bu məsələni şəxsən telefonda müzakirə ediblər.Media Kerri və Zərif arasında üç il davam edən nüvə danışıqları əsnasında yaxşı münasibətlərin yarandığını xatırladır.
Bir ABŞ rəsmisinin "Reuters”-ə verdiyi məlumata görə dənizçilərin dərhal azad edilməsi gözlənilmir. İranın yarımrəsmi FARS agentliyi isə xəbər verib ki, doqquz kişi və bir qadından ibarət gəmi heyəti İranın ərazi sularını pozduğuna görə İnqilab Keşikçiləri Korpusu tərəfindən saxlanıb. Agentlik "gəmilərin İran sularında kəşfiyyat apardıqlarını” bildirir.
Mühafizəkar "Tasnim” agentliyi bildirib ki, gəmilər pulemyotlarla silahlıdır. Britaniya mediasının xəbərlərinə görə söhbət keşikçi "Riverine” katerlərindən gedir.Agentliyin yaydığı xəbərdə deyilir ki, "ABŞ intensiv şəkildə saxlananların azad edilməsinə çağırır”.
Müxbirlər bildirirlər ki, ötən yay İranla Qərb arasında əldə olunmuş nüvə sazişinə baxmayaraq Tehran və Vaşinnqton arasında münasibətlər gərgin olaraq qalır.Ötən dekabr ayında İranın hərbi dəniz donanması Hörmüz boğazında ABŞ hərbi gəmilərinin çox yaxınlığında raket sınaqları keçirib. O vaxt ABŞ hərbiyyəsi İranın bu hərəkətini "son dərəcə riskli təxribat” adlandırmışdı.
