
Azərbaycan ticarət və şərab evlərində təqdim olunan məhsulların çeşidi fəaliyyət göstərdikləri ölkələrin bazar xüsusiyyətlərinə uyğun formalaşdırılır.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və Pakistanda əsas tələbat kompot və meyvə şirələri, konservləşdirilmiş məhsullar, qənnadı və un məmulatlarına yönəlib. Bu ölkələrdə alkoqollu içkilərin satışı nəzərdə tutulmur. Eyni zamanda çay, quru və təzə meyvə-tərəvəzlər də üstünlük təşkil edən məhsullar sırasındadır", - məlumatda deyilir.
Nazirlik bildirir ki, Çində, Belarusda və Rusiyada isə alıcılara daha çox Azərbaycan şərabları və digər spirtli içkilər təqdim olunur. Həmin ölkələrdə çay və konservləşdirilmiş məhsullara da yüksək maraq var.
"Son illərdə xarici istehlakçılar Azərbaycan məhsullarını daha yaxşı tanımağa başlayıblar. Yerli orqanik məhsullar sağlam qidalanma rasionunda özünə yer tapır, məhsulların yeni bazarlara tədarükü isə artmaqdadır. Xüsusilə nar şərabları və nar şirələri xarici alıcılar arasında böyük maraq doğurur. Avropa, Qazaxıstan və Körfəz ölkələrində “tez istehlak malları” (FMCG) seqmentində təzə və qurudulmuş meyvə-tərəvəz, alkoqolsuz içkilər, mineral sular, çay və konservləşdirilmiş məhsullara tələbat yüksəkdir. Alıcı marağının artmasında məhsulların təbii və orqanik xüsusiyyətləri mühüm rol oynayır", - deyə məlumatda qeyd edilib.
Nazirlik vurğulayır ki, müxtəlif ölkələrdə açılmış ticarət və şərab evləri Azərbaycanın ixrac strategiyasının reallaşdırılmasına xidmət edir. Bu təşəbbüslər eyni zamanda həmin regiondakı digər ölkələrin bazarlarına çıxış imkanlarını da genişləndirir. Məsələn, Latviyada (Riqa) və Polşada (Varşava) fəaliyyət göstərən ticarət evləri, Azərbaycan məhsullarının bu ölkələrdə tanıdılması və ixracını stimullaşdırmaqla yanaşı, Avropa İttifaqının digər ölkələrinə də çıxış üçün əlverişli platforma yaradır.
Hazırda Azərbaycanın xarici ölkələrdə 13 ticarət evi və 4 şərab evi fəaliyyət göstərir. Ticarət evlərindən 2-si MDB məkanında - Minsk və Astanada, 6-sı Çində - Çendu, Canciaciye, Çindao, Pekin, Nankin və Sian şəhərlərində, 2-si Avropa İttifaqında - Riqa və Varşavada, 1-i Cənubi Asiyada - Lahorda, 2-si isə Körfəz regionunda - Dohada və Dubayda yerləşir. Şərab evlərindən 3-ü Çində, o cümlədən ikisi Urumçidə və biri Şanxayda, biri isə Rusiyada - Yekaterinburqda fəaliyyət göstərir.
.