Prezident İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri

Şahin Babayev – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri

Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktoru.

Qeyd edək ki, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

- Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

- Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 (əlli) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

- aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

- mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

- Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

- Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

- Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək. 

.