Rusiyanın Həştərxan vilayəti nəqliyyat infrastrukturunun inkişafı hesabına Azərbaycanla ticarət dövriyyəsinin daha da artacağına ümid edir.

Bu barədə vilayətin qubernatoru İqor Babuşkin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşünün yekunlarına dair bildirib.

"Azərbaycan Həştərxan regionunun əsas tərəfdaşlarından biridir. Bu ilin ilk yarısında Azərbaycana balıq ixracı 5 % artıb, tərəvəz və un məhsullarının tədarük həcmi də artmaqdadır. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi sayəsində ticarət həcmlərinin daha da artırılmasını ən vacib vəzifə hesab edirik", - İ.Babuşkin “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, görüş zamanı qarşılıqlı mədəni əlaqələrə xüsusi diqqət yetirilib.

"Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və birgə layihələrin tərəfdaşlıq və qarşılıqlı faydalı şərtlər əsasında həyata keçirilməsi istiqamətində işləməyə davam edəcəyik", - qubernator qeyd edib.

.