
Prezident İlham Əliyevə məhbus hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı müraciət ünvanlanıb.
"Media forum” saytının məlumatına görə, noyabrın 17-də yayılan müraciətdə deyilir ki, İntiqam Əliyevin səhhətində ciddi problemlər yaranıb: "Saxlanıldığı Bakı İstintaq Təcridxanasında vəziyyəti ağırlaşıb. Son məhkəməsində İntiqam Əliyev huşunu itirib və Milli Onkoloji Mərkəzə aparılıb. Noyabrın 7-də övladı ilə görüşündə sona qədər iştirak edə bilməyib. 15 gündür yuxusuz olduğu, ayaqlarında qıcolmanın, tutulmaların baş verdiyi, dərmanların lazımi effekt vermədiyi bildirilir. Onun tez bir zamanda normal şəraitdə müalicəsi vacibdir. Əks təqdirdə həyatı təhlükə altındadır.
Cənab prezident! Biz İntiqam Əliyevə zamin durmağa hazırıq. Ümid edirik ki, Siz humanizm prinsiplərini əsas götürərək İntiqam Əliyevin hazırkı sağlıq durumunu nəzərə alacaq, onun haqqında çıxarılmış həbs-qətimkan tədbirinin qanunda nəzərdə tutulmuş digər qətimkan tədbirləri ilə əvəz edilməsi üçün müvafiq göstəriş verəcəksiniz”.
Müraciəti hüquq müdafiəçiləri Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, vəkillər Cavad Cavadov, Əlayif Həsənov, Əsabəli Mustafayev, Fariz Namazlı, iqtisadçılar Azər Mehtiyev, Samir Əliyev, Zöhrab İsmayıl, jurnalistlər İlhamiyyə Rzayeva, Aynur İmranova, Sevil Nuriyeva və başqaları, bütövlükdə 70 nəfər imzalayıb.
Həbsdə olan 52 yaşlı İntiqam Əliyev Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, vəkildir. O, avqustun 8-dən həbsdədir, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və qanunsuz sahibkarlıqda təqsirləndirilir.
İntiqam Əliyevin səhhəti oktyabrın 24-də kəskinləşib. Milli Onkoloji Mərkəzdə müayinədən sonra məlum olub ki, onun boyun nahiyəsində duzlaşma, belində isə yırtıq var.
.