Torpaqları əlindən alınan, dini təzyiqlərə məruz qalan uyğurlar qurtuluş üçün çarəni Türkiyədə axtarır. 200 uyğur türkü Çin işğalı altındakı Şərqi Türkistandan qaçaraq Türkiyəyə gəlmək istəyib. Lakin onlar Tailandda saxlanılıb.
Virtualaz.org saytı xəbər verir ki, Çin zülmündən qurtulmaq üçün qaçaq yollarla Türkiyədə yerləşmək üçün yola çıxan 200 uyğur türkünün taleyi qaranlıq olaraq qalır.
Belə ki, Türkiyəyə qaçmaq istəyən uyğurlar Tailandda saxlanılıb. Tailand polisi əksəriyyəti qadın və uşaqlar olan 200 uyğur türkünü 9 ay əvvəl meşədə ac-susuz tapmışdı. Uyğur türklərinin Çin vətəndaşı olduğu təsdiqlənərsə, onlar Çinə geri qaytarılacaqlar. Bu isə onların ölümü deməkdir.
Türkiyə hökuməti uyğur türklərinin onlara verilməsi üçün Tailanda müraciət edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq isə Türkiyənin bu təklifinə sərt cavab verib. Hua Çunyinq bu məsələnin Çinlə Tailand arasında olduğunu və 3-cü bir ölkənin qaışmasının doğru olmadığını bəyan edib. Nazirlik sözçüsü Türkiyədən açıqlamalarında diqqətli olmağı da tələb edib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu beynəlxalq tədbirlərin birində tailandlı həmkarına uyğur türklərinin Çinə geri qaytarılacaqları təqdirdə ölümlə üz-üzə qalacaqları haqda xəbərdarlıq etmişdi.
200 uyğur türkünün taleyi ilə bağlı İngiltərənin "Channel 4” televiziya kanalı da xəbər hazırlayıb. Xəbərdə uyğur türklərinin Türkiyə hökumətindən yardım gözlədiyi qeyd edilib.
Xəbərdə 1945-ci ildə azərbaycanlıların başına gələn hadisə də xatırladılıb. Qeyd edilib ki, 200 uyğur türkünün indiki vəziyyəti 1945-ci ildə yaşanan Boraltan körpüsü hadisəsini yada salır.
"1945-ci ildə Stalin zülmündən qaçan 146 azərbaycanlı Türkiyəyə sığınmışdı. Boraltan komandiri vəziyyəti Ankaraya məruzə etmişdi. Komandir Ankaradan "Onları təslim edin” cavabını almışdı. Bundan sonra komandir azərbaycanlıları rus əsgərlərə təslim etmişdi. 146 azərbaycanlı Boraltan körpüsündə şəhid edilmişdi. İndi Tailanda sığınıb Türkiyədən ümid gözləyən uyğur türklərinin də ən böyük qorxusu Çinə təslim ediləcəkləri təqdirdə güllələnmək üçün sıra ilə düzülmələrindəndir” - deyə xəbərdə deyilir.
.