Qızılcanı digər xəstəliklərdən fərqləndirən əsas faktor mərhələli səpkilərin olmasıdır.
Bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun infeksionisti Səbinə Cəfərova qızılca ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, səpkidən əvvəl yanaqda, damaqların selikli qişasında ağ ləkələr əmələ gəlir və bu əlamət ancaq qızılcaya məxsusdur: “Ardınca mərhələli səpkilər başlayır. Belə ki, ilk növbədə. səpki üzdə, ardınca qulaq arxasında, qollarda, sinə və aşağı ətraflara yayılır. Piqmentasiya dövrü də səpki ardıcıllığı kimi baş verir”.
“Qızılcaya yoluxan şəxslərdə bir həftə ərzində sağalma gedir. Öskürən uşaqlarda proses on gün çəkə bilər. Həmçinin karantin müddəti, adətən, beş gün, ağırlaşma olanda isə on gün çəkə bilər. Bağça və ya azyaşlı məktəblilər 17-21 gün kollektivə buraxılmamalıdır”, - infeksionist əlavə edib.
S.Cəfərova eyni zamanda qızılcaya qarşı ən effektiv üsulun peyvəndləmə olduğunu diqqətə çatdırıb: “Peyvənd iki doza - 1 və 6 yaşlarında vurulmaldıır”.
.