
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,7 %, illik inflyasiyanı isə 5,2 % səviyyəsində proqnozlaşdırır.
Yenizaman bu barədə IMF-yə istinadən xəbər verir.
Fondun proqnozuna əsasən, 2026-cı ildə orta illik inflyasiya 4,5 %, 2027-2030-cu illərdə isə 4 % təşkil edəcək.
Bundan başqa, 2026-2030-cu illər ərzində illik inflyasiyanın hər il 4 % səviyyəsində olacağı gözlənilir.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2025-ci ildə 5,1 % təşkil edəcək, 2026-cı ildə isə 4,3 %-ə qədər azalacaq. Azərbaycan Mərkəzi Bankı cari ilin aprelində 2025-ci il üçün inflyasiyanı 5,3 %, 2026-cı ildə isə 4,3 % səviyyəsində proqnozlaşdırıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanda inflyasiyanın 2025-ci ildə 3,6 %, 2026-cı ildə isə 3,1 % təşkil edəcəyini gözləyir. Dünya Bankı ölkədə orta illik inflyasiyanı hər iki il üçün 2,3 % səviyyəsində qiymətləndirir. Asiya İnkişaf Bankı isə Azərbaycanda orta illik inflyasiyanı 2025-ci ildə 4,2 %, 2026-cı ildə isə 3,5 % səviyyəsində proqnozlaşdırır.
Beynəlxalq reytinq agentlikləri “S&P Global” və “Moody's” Azərbaycanda 2025-ci ildə orta illik inflyasiyanı 4 %, növbəti ildə isə 3 % səviyyəsində proqnozlaşdırır.
Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda orta illik inflyasiyanı 2025-ci ildə 5,2 %, 2026-cı ildə isə 5,1 % səviyyəsində proqnozlaşdırır.
Xatırladaq ki, Azərbaycanda 2024-cü ildə orta illik inflyasiya 2,2 %, cari ilin yanvar-mart aylarında isə 5,6 % təşkil edib.
.