
Malayziyanın "AirAsia” aviaşirkətinə məxsus olan və dekabrın 28-də radarlardan itən "Airbus 320” təyyarəsinin axtarışları bərpa edilib.
Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, QZ8501 reysi ilə uçan təyyarə İndoneziyadan Sinqapura uçarkən yolun yarısında radarlardan itib, təyyarənin göyərtəsində 162 nəfər sərnişin və heyət üzvü olub. Təyyarənin ya ildırım vurması üzündən, ya başqa səbəblərdən İndoneziyanın Belitunq adası rayonunda okeana düşdüyü ehtimal edilir.
Lakin təyyarənin yeri haqda hər hansı ipucu yoxdur. Gecə saatlarında dayandırılan axtarış-xilasetmə əməliyyatları bu gün səhər hava şəraitinin nisbətən yaxşılaşmasından sonra yenidən başlayıb.
İndoneziyanın milli axtarış və xilasetmə xidmətinin rəhbəri Bambanq Soelisto keçirdiyi mətbuat konfransında bildirib ki, ola bilsin təyyarə dənizin dibindədir. Bununla belə o, hələlik heç bir dəqiq məlumatın olmadığını deyib.
Son məlumatlara görə, təyyarənin düşdüyü ehtimal edilən zonada - Yavan dənizi rayonunda suyun üzərində şübhəli obyektlər müşahidə olunur. İndoneziyanın aviasiya vitse-marşalı Aqusa Dvi Putranto deyib ki, hazırda hərbçilər bu məlumatları araşdırır.
"Hələlik biz əmin deyilik ki, bunlar "AirAsia” təyyarəsinin qalıqlarıdır. Həmin rayona axtarış qrupu göndıərmişik, ancaq sıx buludlu hava əməliyyata mane olur” - o bildirib.
Həmçinin bildirirlir ki, yerli sakinlər təyyarənin qəzaya uğradığı ehtimal edilən rayonda partlayış səsi eşidiblər.
Bu arada məlum olub ki, bu ilin martında yoxa çıxan, iyul ayında Donetsk üzərində vurulan və indi yoxa çıxan Malayziya təyyarələrinin hər üç eyni sığorta şirkətində sığortalanıb.
Almaniyanın "Allianz Global Corporate & Specialty UK” (AGCS) şirkətindən bildiriblər ki, onlar "AirAsia” şirkətinin təyyarələrini sığortalayan aparıcı şirkətdir və təyyarənin itməsinə görə şirkətə 50 milyon dollar sığorta kompensasiyası ödəməyə hazırdır. Şirkət bundan əvvəl yoxa çıxan və vurulan Malayziya sərnişin təyyarələrini də sığorta etdiyini təsdiqləyib.
Qeyd edək ki, bu, il ərzində yoxa çıxan ikinci Malayziya təyyarəsidir. Bu ilin martında Malayziyanın "Malaysia Airlines” hava yolları şirkətinin "Boeing-767” təyyarəsi Hind okeanı üzərində yoxa çıxıb və bu günədək təyyarədən heç bir xəbər yoxdur. Aylarla davam edən axtarış-xilasetmə əməliyyatları heç bir nəticə verməyib.
İyun ayında isə həmin şirkətin təyyarəsi Ukraynanın Donetsk vilayəti üzərində vurulub. İndi daha bir Malayziya təyyarəsinin yoxa çıxması bu ölkənin hava yolları ətrafında qorxunc mistika hökm sürdüyünə dair konspiroloji nəzəriyyələri gücləndirib.
Xəbərlərə görə, axtarış əməliyyatlarına Sinqapur və Avstraliya da kömək edir. Gözlənilir ki, Cənubi Koreya da axtarış əməliyyatlarına qoşulacaq. İndoneziyanın vitse-prezidenti Yusuf Kala bildirib ki, təyyarənin qəzaya uğradığı ən güclü ehtimaldır. Onun sözlərinə görə, axtarış əməliyyatları Cənubi Çin dənizini Yavan dənizi ilə birləşdirən Karimat akvatoriyasında aparılır.
Təyyarə sonuncu dəfə Belitunq adası rayonu üzərindən uçarkən rabitə əlaqəsinə çıxıb. Komandir dispetçerdən marşrut haqda məlumatları təqdim etməyi istəyib. Dispetçer müvafiq informasiyaları verib və daha sonra təyyarə radarlardan itib.
.