Ermənistan prezidenti administrasiyasına yaxın mənbə bildirir ki, prezident Serj Sərkisyan bu həftə Azərbaycan prezidenti İlham Əliyevlə Uelsin paytaxtı Kardifdə, NATO sammiti çərçivəsində görüşməyə razılıq verib.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda Ermənistanın müxalif "Jamanax” qəzeti yazıb.
Qəzetin xəbərinə görə, görüşün təşəbbüskarı ABŞ dövlət katibi Con Kerridir. Prezidentlər C.Kerrinin vasitəçiliyi ilə görüşəcəklər.
NATO sammiti sentyabrın 4-də başlayır, ora alyansa üzv ölkələrin və tərəfdaş ölkələrin prezidentləri dəvət olunub. Rusiyaya isə dəvət göndərilməyib.
Azərbaycan və Ermənistan prezidentlərinin NATO sammiti çərçivəsində görüşə biləcəkləri haqda bu günlərdə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirmişdi.
Rəsmi Bakı hələlik bu görüşün mümkünlüyü şərh etmir. Eləcə də Ermənistan tərəfi prezidentlərin görüşünün razılaşdırıldığını rəsmən təsdiq etməyib.
Azərbaycan və Ermənistan prezidentləri təmas xəttində bir neçə gün davam edən, hər iki tərəfdən ciddi itkilərlə müşayiət olunan gərginlikdən sonra avqustun 8-də Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə görüşüblər.
Maraqlıdır ki, həmin görüşə Minsk Qrupu həmsədrləri çağrılmamışdı. Prezidentlər hər hansı razılaşma əldə edə bilməyiblər, üstəlik Sərkisyan Soçidən İrəvana dönən kimi Azərbaycanın ünvanına hədələyici bəyanatlar verib və görüşün bəzi detallarını təhrif edərək açıqlayıb. Rəsmi Bakı dərhal Sərkisyana adekvat cavab verib və Soçi görüşünə dair daha geniş detallar açıqlayaraq əslində söhbətin hansı tonda getdiyini aydınlaşdırıb.
Rusiya prezidenti Vladimir Putin Soçi görüşündən əvvəl və sonra Minsk Qrupunun digər həmsədrləri ilə hər hansı məlumat mübadiləsi etməyib. O, Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının nəticələrini Qazaxıstan prezidenti, Avrasiya İttifaqının təsisçisi Nursultan Nazarbayevlə müzakirə edib.
Analitiklərin qənaətinə görə, bu, Putinin Qarabağ məsələsində Fransa və ABŞ-ın rolunun əhəmiyyətsizliyini nümayiş etdirməyə, həm tərəflər arasında yeni müharibənin qarşısını almaq, həm sülh danışıqlarını təşkil etmək məsələsində həlledici sözün Rusiyada olduğunu göstərməyə hesablanmışdı.
İndi isə belə görünür ki, ABŞ Qarabağ münaqişəsi ətrafındakı proseslərdən təcrid olunmaq istəmir və Rusiyanın ardınca prezidentlərin görüşü üçün vasitəçilik edir. Bununla belə Kardiff görüşünün baş tutacağı hələ dəqiq məlum deyil. Hərçənd ki, erməni mənbələri prezident Əliyevin də NATO sammitinə qatılacağını, Sərkisyanla görüşə ilkin razılıq verdiyini iddia edir.
Əgər Kardiff görüşü baş tutsa, onun ardınca prezidentlər Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə oktyabrda Parisdə də görüşə bilərlər. F.Olland tərəflərə bu görüş barədə təklifini çoxdan çatdırıb. Ancaq Fransa prezidentinin vasitəçiliyi ilə görüşü təşkil etmək hələ mümkün olmayıb.
Amerikalı həmsədr Ceyms Uorlikin bildirdiyinə görə, həmin görüş oktyabrda baş tutacaq.
.