
ATƏT-in Minsk Qrupunun həmsədrləri, daha doğrusu Amerika tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu Yorkda görüşünü təşkil edə bilməyib.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda "Regnum” agentliyi bildirir. Təmas xəttində gərginliyin getdikcə artdığı bir vaxtda həmsədrlər Nyu Yorkda xarici işlər nazirlərinin görüşünü hazırlayırlar.
BMT Baş Assambleyasının 70-ci sessiyası gələn ayın üçüncü ongünlüyündə işə başlayacaq. Azərbaycan prezidenti İlham Əliyevin bu yubiley sessiyasında iştirakı və çıxışı gözlənilir. Hələ bir neçə ay əvvəldən ATƏT-in Minsk Qrupunun həmsədrləri sessiya çərçivəsində Serj Sərkisyanın və İlham Əliyevin görüşünü təşkil etməyə çalışırdılar.
Əslində bu görüş barədə ilkin razılıq Əliyevlə Sərkisyanın ötən ilin oktyabrında Parisdə Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə baş tutan görüşündə əldə edilmişdi. Görüşün yekunlarına dair Yelisey sarayından yayılan rəsmi bəyanatda deyilirdi ki, prezidentlər danışıqların davam etdirilməsi barədə razılığa gəliblər, xarici işlər nazirlərinə bu barədə müvafiq tapşırıqlar verilib və dövlət başçıları 2015-ci ilin sentyabrında Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində yenidən görüşməyə hazırdır.
Prezidentlərin növbəti görüş üçün düz bir il fasilə götürməsi danışıqların dalana dirəndiyinin növbətti sübutu idi. Hərçənd ki, Yelisey sarayı prezidentlərin görüşünün "çox isti” keçdiyini, irəliləyişlər əldə olunduğunu açıqlamışdı. Buna baxmayaraq Paris danışıqlarının ardınca Ermənistan bütün ordusunu hərbi təlimlərə çıxardı və Qarabağda erməni qüvvələrinin təlimlərinin gedişində düşmənə aid vertolyotun vurulması ilə nəticələnən məlum insident baş verdi. Nəticədə atmosfer yenidən gərginləşdi və o vaxtdan etibarən təmas xəttində müntəzəm olaraq diversiya həmlələri, artilleriyadan istifadə olunmaqla mövqe döyüşləri baş verməkdədir.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin tərəflərlə ara-sıra təmasları da gərginliyin yumşaldılmasına heç bir təsir göstərməyib. Amerikalı həmsədr Ceyms Uorlik isə mətbuata tez-tez açıqlamalar verərək və Twitter bloqundan qeydlər paylaşaraq prezidentlərin Nyu York görüşünü hazırlamaq səylərindən bəhs edirdi. Ancaq indi Uorlik Nyu Yorkda xarici işlər nazirlərinin görüşəcəyini deyib. Prezidentlərin görüşündən isə söhbət getmir.
.