Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

APA-nın məlumatına görə, iclasın əvvəlində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olan Azərbaycan hərbçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident İlham Əliyev şəhidlərin yaxınlarına səbr, yaralananlara şəfa diləyib.
Dövlət başçısı deyib ki, bu ayın əvvəlində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı alınıb, düşmənə layiqli cavab verilib, hərbi mövqelərimiz daha da möhkəmləndirilib.
"Bu ayın əvvəlində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı alınıb, düşmənə layiqli cavab verilib, hərbi mövqelərimiz daha da möhkəmləndirilib”.
Dövlət başçısı bildirib ki, bu qanlı toqquşma bir daha göstərib ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir, danışıqlar prosesinin pozulmasına çalışır: "Danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistanın təxribatlara əl atır. 2014-cü ildə Fransa dövlətinin başçısının təşəbbüsü ilə Parisdə keçirilən Ermənistan-Azərbaycan prezidentlərinin görüşündən sonra işğal olunmuş ərazilərdə hərbi təlimlərə başlamaqla Ermənistan növbəti təxribata əl atdı, nəticədə qarşı tərəfə məxsus bir helikopter vuruldu və bundan sonra bir ildən çox müddətdə danışıqlar dayandırıldı. Prezidentlərin keçən ilin dekabrında keçirilən görüşü də nəticəsiz başa çatdı”.
İlham Əliyev qeyd edib ki, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi: "Azərbaycan danışıqlar prosesinə sadiqdir və ümid edir ki, bu məsələ həll olunacaq. Xalqların öz müqəddəratını təyin etməsi prinsipi ölkələrin ərazi bütövlüyünün pozulmasına xidmət etməməlidir”.

Prezident bildirib ki, birinci rübdə Avropa Komissiyasının iki vitse-prezidenti Azərbaycana gəlib, özünün ABŞ-a səfəri çərçivəsində səmərəli danışıqlar aparılıb, ölkələrimiz arasındakı əlaqələr hər iki tərəf üçün yeni imkanlar açır: "ABŞ rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı bəyanatlar veriblər”.
Dövlət başçısı qeyd edib ki, artıq regionda yeni əməkdaşlıq formatı yaranıb: "Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatları regionda təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığın dərinləşməsinə xidmət edir”.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinin, yeni iş yerlərinin yaradılmasının vacibliyini vurğulayıb, paytaxtda və rayon mərkəzlərində yeni təşəbbüs olan sosial mənzillərin tikintisi layihəsinə başlanacağını diqqətə çatdırıb.
Dövlət başçısı bildirib ki, bu il 40-dan çox kənd yolu layihəsinin icrası, nəqliyyat dəhlizlərində vahid tarif siyasətinin həyata keçirilməsi, Ələt dəniz limanının yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi, genişmiqyaslı ekoloji tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılacaq.

"Bu ilin birinci rübündə 37 min yeni iş yeri yaradılıb, bundan sonra da insanların rifah halının yaxşılaşması istiqamətində əlavə addımlar atılacaq”.
Bunu da Azərbaycan İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, bu ilin birinci rübündə ümumi daxili məhsulun aşağı düşməsinə baxmayaraq, il ərzində bu sahədə artım proqnozlaşdırılır: "Bütün maliyyə-iqtisadi sektorunun mütərəqqi prinsiplər əsasında inkişaf etməsi əhəmiyyətlidir. Regional inkişaf proqramının icrası, investisiyaların qoyulması, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı tədbirlər görülür. "Cənub Qaz Dəhlizi” layihəsinin icrası cədvəl üzrə gedir və bu strateji layihənin vaxtında icra olunacaq”.
Bu ayın sonunda Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini, Azərbaycanın multikulturalizm və sivilizasiyalar arasında dialoqun aparılmasında mühüm rol oynadığını bildirən prezident İlham Əliyev ölkəmizdəki müsbət dinamikanın qarşıdakı dövrdə də davam etdiriləcəyinə əminliyini ifadə edib: "İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir. Ölkədə biznes mühiti yaxşılaşdırılır, sahibkarlara yardımlar davam etdirilir, investisiyaların təşviqi, bank sektorunun möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər görülür”.

.