“Son günlər Azərbaycanda və beynəlxalq mediada Zəngəzur dəhlizi ilə bağlı müxtəlif şayiələr dolaşır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə bu məsələ ilə bağlı aydın və qəti mövqeyini ifadə edib”.
Yenizaman.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Prezident İlham Əliyevin müsahibəsini şərh edərkən deyib.
“Prezidentin sözlərinə görə, İran Prezidenti Azərbaycana iki dəfə səfər edib: birincisi rəsmi, ikincisi isə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə. Hər iki səfər zamanı Azərbaycanla İran arasında çox konstruktiv və mehriban münasibətlər qurulub. Prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, İran Prezidenti azərbaycanlıdır, eyni dildə danışırlar və onun Azərbaycan poeziyası ilə bağlı biliyi və bacarığı böyük təqdirəlayiqdir”,- deyə millət vəkili qeyd edib.
E.Akimova həmçinin əlavə edib ki, Azərbaycan rəhbəri İranın rəsmi mövqeyini çox əsaslı və müsbət hesab etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan siyasətini yalnız rəsmi dövlət şəxslərinin mövqeyinə əsaslanaraq qurur: 
“Müşavirlərin və keçmiş rəsmilərin səsləndirdiyi əsassız fikirlər Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. “Biz dövlətlərarası münasibətləri hökumətlər, prezidentlər və xarici işlər nazirləri ilə qururuq, dırnaqarası müşavirlərin yalançı rəvayətlərinə məhəl qoymuruq,” – deyə Prezident qeyd edib.
Zəngəzur dəhlizi ilə bağlı yayılan şayiələr də Prezident tərəfindən qəti şəkildə təkzib olunub. İlham Əliyev bildirib ki, Azərbaycan heç bir halda İranla Ermənistan sərhədini kəsmək və ya hər hansı təcavüzə əl atmaq niyyətində deyil. “Biz işğalçı ölkə deyilik, əraziləri azad edən bir dövlətik. Müharibəmiz azadlıq müharibəsi idi və torpaqlarımızda ədaləti bərpa etdik,” – deyə o bildirib.
Prezident həmçinin Araz çayı üzərində tikilən körpü layihəsindən danışaraq, Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycan üçün iki yolun mövcud olacağını, yüklərin həm İrandan, həm də Ermənistandan rahatlıqla daşına biləcəyini vurğulayıb. Əgər lazım olarsa, İran ərazisində dəmir yolu tikilə bilər və yüklərin bir hissəsi bu yolla da daşına bilər.
Beləliklə, Prezident İlham Əliyevin mövqeyi açıqdır: Azərbaycan-İran münasibətləri konstruktiv və mehribandır, Zəngəzur dəhlizi sülh və iqtisadi əməkdaşlıq məqsədi daşıyır, və rəsmi dövlət strukturlarının xaricində səslənən şayiələr heç bir əhəmiyyət kəsb etmir.

.