Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib. Yeni tikilən korpusda müasir sinif otaqları, informatika, hərbi hazırlıq, əmək təlimi, məktəbəqədər hazırlıq kabinetləri yaradılıb və zəruri dərs vəsaiti ilə təchiz olunub. Burada, həmçinin STEAM – elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat otağı, laboratoriyalar, akt zalı və açıq idman meydançası yaradılıb.

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib.

Dövlət başçısı “Xırdalan” yarımstansiyasında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub.

Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu yarımstansiyaya Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik ötürmə xətti çəkilib. Bu, Mingəçevir şəhərindəki generasiya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır.

Sonra Prezident İlham Əliyev məsafədən idarəolunan SCADA Dispetçer sistemi vasitəsilə yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyasını işə saldı.

Bildirildi ki, qəzaların qarşısının alınması və istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsində bu stansiya mühüm əhəmiyyətə malikdir.

Dövlətimizin başçısına yeni SCADA layihəsinin birinci mərhələsinin başa çatması barədə də məlumat verildi.

Qeyd edildi ki, yarımstansiyanın yeni inzibati binasında SCADA idarəetmə sisteminin tam həcmdə ehtiyat dispetçer idarəetmə mərkəzi yaradılıb.

.