Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq. Mən Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq.

Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.

Bu dördtərəfli görüşün Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edildiyini qeyd edən dövlətimizin başçısı deyib: “Bu görüş zamanı da önəmli məsələlər müzakirə edilib və hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaqdır. Hələ ki, təmaslar davam edir. Biz razılaşdıq ki, şam yeməyindən sonra yenə də bir araya gələk. Hər halda, sülh prosesinə artıq təkan verildi”.

Azərbaycan Prezidenti: Biz təklif etdik ki, hər iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar

Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bizim fikrimizcə, bunun arası kəsilməməlidir.

Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.

“Nazirlər tezliklə ikinci dəfə görüşməlidir və biz təklif etdik ki, bundan sonra hər iki ölkənin işçi qrupları bir araya gəlsinlər və bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni, bizim niyyətimiz bundan ibarətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti: Aİ ilə sazişin böyük əksəriyyəti razılaşdırılıb

Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır.

Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.

“Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti, müasir nəqliyyat infrastrukturu - Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Avropa üçün də çox önəmlidir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Azərbaycan Prezidenti: Avropa İttifaqı ölkələri bizim üçün əsas ticarət tərəfdaşlarıdır

Avropa İttifaqı ölkələri bizim üçün əsas ticarət tərəfdaşlarıdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir.

Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.

Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında təmasların sayının çoxaldığını, qarşılıqlı etimadın artdığını qeyd edən dövlətimizin başçısı bunu çox yüksək qiymətləndirib.

Prezident: Azərbaycanın Avropa ailəsinə dəvət olunması deməyə əsas verir ki, əlaqələrimizin çox gözəl perspektivləri var

Avropanın Azərbaycanı bu tədbirə dəvət etməsini əlbəttə ki, yüksək qiymətləndiririk. Bu, yeni platformadır, müzakirələr təzə başlayıb.

Bu fikirləri Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, hələlik bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq fikir demək mümkün deyil. Amma hər halda həm Avropa İttifaqına, həm də ev sahibi Çexiyanın Azərbaycanı Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri var.

İlham Əliyev: Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var

Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən həyata keçirilmiş layihələrin əhəmiyyəti bu gün özünü daha da büruzə verir.

Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.

Avropa İttifaqının Azərbaycan üçün çox önəmli tərəfdaş olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, yeni saziş üzərində iş aparılır.

“Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti, müasir nəqliyyat infrastrukturu - Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Avropa üçün də çox önəmlidir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev: Növbəti illərdə biz Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırırıq

Biz öz enerji layihələrimizi uzun illərdir icra edirik. Sadəcə olaraq, dünyada indiki geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırıb. Tale belə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı.

Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib ki, biz bu il Avropaya qaz ixracını təxminən 30-40 faiz artıracağıq. Bu, böyük sərmayə tələb edir: “Biz buna getməyə hazırıq və gedirik. Avropa İttifaqı ilə imzalanmış memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırırıq”.

 


 

.