Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilk növbədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirakından dərin məmnunluq hissi keçirib. Mövlud Çavuşoğlu Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd hadisələri ilə bağlı Azərbaycanda keçirilən tədbirlərin ölkəsində böyük razılıq hissi ilə qarşılandığını vurğulayıb. Türkiyənin xarici işlər naziri bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində təmas xəttində Azərbaycanın mülki şəxslərinin həlak olması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib. Mövlud Çavuşoğlu bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar Türkiyə xalqı tərəfindən böyük sevinclə qarşılanır. Mövlud Çavuşoğlu Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri arasında bu gün keçiriləcək görüşə toxunaraq, bu tədbirin regional əməkdaşlıq və ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi baxımından önəmini qeyd edib.
Görüşdə Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

