"Çox şadıq ki, andiçmə mərasimindən bir həftə keçməmiş doğma Azərbaycana - vətənə səfər edirsiniz”. APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuat üçün verilən birgə bəyanatda Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, bu gün keçirilən təkbətək və geniş tərkibli görüşlərdə ikitərəfli əlaqələr müzakirə olunub: "Bir daha əmin olduq ki, əlaqələr yüksək səviyyədədir. Əlaqələrimiz dostluq və qardaşlıq təməlləri üzərində qurulub”.
Prezident İlham Əliyev iki ölkənin beynəlxalq səviyyədə daim bir-birinə dəstək verdiyini, ikitərəfli məsləhətləşmələr apardığını söyləyib: "Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün Türkiyəyə minnətdarlığımı bildirmək istəyirəm. Türkiyə bütün dövrlərdə bu istiqamətdə mövqeyini açıq ortaya qoyub, haqqı-ədaləti müdafiə edib. Görüşümüzdə bu məsələ də müzakirə olundu. Azərbaycan torpaqları işğal altındadır, 1 milyon qaçqın var, etnik təmizləmə siyasəti aparılıb. BMT bu münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır və əminəm ki, belə olacaq".
Dövlət başçısı qeyd edib ki, "erməni soyqırımı” yalanına qarşı Türkiyə və Azərbaycan birgə fəaliyyət göstərəcək: "Biz qondarma "erməni soyqırımı”nın ifşası ilə bağlı fəaliyyətimizi koordinasiya şəklində aparacağıq. İctimai, diaspor təşkilatlarımız birgə fəaliyyət göstərəcək. Yalanı birgə ifşa edəcəyik”.
Prezident İlham Əliyev görüşdə müdafiə sənayesi və energetika sahəsində əməkdaşlıq barədə də müzakirə aparıldığını nəzərə çatdırıb: "Bu gün birgə əsərimiz olan TANAP layihəsi dünyanın diqqətini cəlb edib. Əminəm ki, tarixi layihə vaxtında icra olunacaq. Bu, daha geniş beynəlxalq əməkdaşlıq tələb edən layihədir”.
Görüşdə qarşılıqlı sərmayələr də diqqət mərkəzində olub. Azərbaycan prezidenti bildirib ki, yaxın 5 ildə Türkiyəyə daha çox sərmayə qoyulacaq: "Bu, təxminən 17-20 milyard həcmində olacaq. "Şahdəniz” layihəsində Türkiyə də iştirak edir. Türkiyə nə qədər güclü olsa, biz özümüzü o qədər güclü hiss edəcəyik. Əminəm ki, bundan sonra qardaşlıq əlaqələrimiz daha da inkişaf edəcək”.
Rəcəb Tayyib Ərdoğan isə bir çox sahələrdə əməkdaşlığa dair müzakirə apardıqlarını, lakin Dağlıq Qarabağ məsələsinin gündəmdəki əsas məsələ olduğunu vurğulayıb: "Bu istiqamətdə bundan sonra atacağımız addımları müzakirə etdik”.
R. T. Ərdoğan deyib ki, enerji məsələsi də geniş müzakirə olunub: "TANAP böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycanın enerji sahəsində gücünü ortaya qoyması, barış xətti olması baxımından çox mühüm layihədir. İnşallah, bu ayın 20-də təməlqoyma mərasimi keçiriləcək və işlər başlayacaq. Artıq proses sürətlənəcək”.
Türkiyə prezidentinin sözlərinə görə, Azərbaycandakı inkişafı dünya heyrətlə izləyir: "Bunda prezident İlham Əliyev və komandasının böyük rolu var. Ötən dövr ərzində Azərbaycanın inkişafından məmnunam. Qardaşlarımızın güclənməsi gələcəyə ümidlərimizi də artırmaqdadır”.
R. T. Ərdoğan Azərbaycanla ticarət dövriyyəsinin həcminin ildə 15 milyard dollara çatdırılmasının qarşıya məqsəd qoyulduğunu açıqlayıb: "İnanıram ki, qardaşlığımız daha da güclənəcək. İki ayrı dövlət, bir millətik, bu, Heydər Əliyevin mirasıdır”.

***

Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü keçirilib.
Yenizaman.az-ın "AzərTAc”a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Bu səfərin ölkələr arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirilib və münasibətlərin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

***

"Türkiyə və Azərbaycandakı seçkilərdən sonra dövlət və hökumət rəhbərlərinin ilk qarşılıqlı rəsmi səfərləri artıq ənənəyə çevrilib. Mən də Azərbaycan prezidenti İlham Əliyevin dəvətiylə qardaş Azərbaycana səfər etməkdən məmnunam”.
APA-nın Türkiyənin rəsmi Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti kimi Azərbaycana ilk səfərə gələn Rəcəb Tayyip Ərdoğan hava limanında jurnalistlərə açıqlamasında deyib.
Prezident bildirib ki, Azərbaycanla Türkiyəni tarixi, mədəni, milli köklər bir-birinə bağlayır, din və dil birliyi mövcuddur: "Azərbaycanın müstəqilliyini qazandığı gündən bu yana birlikdə çalışaraq münasibətləri "strateji tərəfdaşlıq" səviyyəsinə qədər qaldırmışıq”.
Ərdoğan deyib ki, Azərbaycan prezidenti ilə ikitərəfli münasibətlər və əməkdaşlıq perspektivlərinin bütün tərəfləri müzakirə olunacaq: "Həmçinin beynəlxalq və regional məsələləri müzakirə edəcəyik. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşümüz olacaq”.
Türkiyə prezidenti iki ölkənin region üçün çox əhəmiyyətli olan böyük layihələrə imza atdığını da vurğulayıb: "Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz kəməri ölkələrimiz arasında enerji sahəsindəki işbirliyinin ən önəmli örnəkləridir. Bu iki layihə iki ölkə arasındakı münasibətlərə təkan verməklə yanaşı regional rifah və inkişafa da yardım edir. Azərbaycan qazını Türkiyəyə və ölkəmizin üzərindən Avropaya daşıyacaq olan TANAP-ın və Bakı-Tiflis-Qars dəmiryolu xəttinin də fəaliyyətə başlaması üçün işlər davam etdirilir”.
Ərdoğan deyib ki, Azərbaycan prezidenti ilə görüşündə Cənubi Qafqazda sülh və sabitliyin qorunub saxlanması da müzakirə mövzusu olacaq: "Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı görülən işlər barədə də müzakirə aparacağıq. Türkiyənin bununla bağlı görə biləcəyi işləri də dəyrləndirəcəyik”.
Prezident qeyd edib ki, bu səfərinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrini daha da dərinləşdirəcəyinə inanır.
.