Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıt şəhərinə səfərə gedib.
Dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında və şəhərdə görülən işlər barədə ətraflı məlumat verib.
İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına burada görülən işlərlə bağlı məlumat verib.
Sonra prezident parkın ərazisində "AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlini qoyub.
Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkının ərazisində "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin də təməlini qoyub.
Sonra prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında "Gilan Sənaye Qrupu”na daxil olan "Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin açılışında iştirak edib.
Dövlət başçısı müəssisəni işə salıb.
Sonra prezident İlham Əliyev parkın ərazisində "STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak edib.
Dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.
İlham Əliyev dekabrın 15-də Sumqayıtda Bayraq Muzeyinin açılışında da iştirak edib.
Prezident muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Muzeylə tanış olan dövlət başçısına məlumat verilib ki, binanın inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb. İnşaat işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 10 min kvadratmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar yaradılıb. Sərgi zallarında 6 bölmə fəaliyyət göstərəcək. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Ekspozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.
Bayraq Muzeyi Sumqayıt Dənizkənarı Bulvarın ərazisində yerləşir. Muzeyin məhz bu ərazidə inşa edilməsi şəhər sakinləri ilə yanaşı, qonaqların da buranın eksponatları ilə tanış olması üçün imkan yaradır.
