İlham Əliyev: "Gəncəyə raket atılması erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür"

“Biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll olunacaq, çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq, təəssüf ki, biz bunu görmədik”.

Bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulub. Ondan sonra gecə saatlarında mülki əhaliyə qarşı dəhşətli cinayət törədilib. Gəncə şəhəri “Toçka-U” raketləri ilə atəşə məruz qalıb. Bunun nəticəsində mülki şəxslər həlak olub və yaralanıb. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniləri, onların hamiləri və islamafob dairələr bu cinayəti gizlədə bilməyəcək”, - Prezident vurğulayıb.

İlham Əliyev: "Gəncəyə hücum qərarını şəxsən Paşinyan verib"

“Gəncəyə hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib. Bizdə dəqiq məlumat var ki, indi psixoloji sarsıntı keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global”a müsahibəsində söyləyib.

“Məsəl üçün, bir neçə dəfə Hadrutu yenə işğal altına salmaq üçün onlar cəhd ediblər. Mənə səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş xüsusi təyinatlılardan ibarət böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıblar. Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün böyük önəmi yoxdur. Bu qrup zərərsizləşdirilib. Orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsizlik və yırtıcı siyasətinin nəticəsidir”, - ölkə başçısı vurğulayıb.

.