Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir.
Bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.
“Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki, tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”, - dövlət başçısı deyib.
Prezident qeyd edib ki, indi əsas vəzifə bunu dünya ictimaiyyətinə də çatdırmaqdır: “Artıq bu istiqamətdə işlər başlamışdır. Əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.
Prezident: İrəvanın Ermənistana verilməsi bağışlanmaz addım, xəyanət və cinayət idi
Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərib. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilib.
Bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.
“XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik”, - dövlət başçısı deyib.
Tariximizdə şanlı səhifələrin də, qara səhifələrin də olduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır”.
Prezident: Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirmək xalqımıza qarşı növbəti cinayət idi
İrəvanın Ermənistana bağışlanmasını müxtəlif səbəblərlə izah etməyə çalışanlar o vaxt da olub, bu gün də var. Ancaq hesab edirəm ki, heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər.
Bunu Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə deyib.
Dövlət başçısı fikirlərini davam etdirərək bildirib ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistanın və ermənilərin kifayətlənəcəyini düşünənlər böyük səhv edirdilər və sonrakı tarix bunu bir daha göstərdi: “1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi”.
Prezident: Gün gələcək Qərbi azərbaycanlılar tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar
Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.
Bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.
“Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”, - dövlət başçısı vurğulayıb.
Azərbaycan Prezidenti: Hətta səndən güclü olan qüvvə qarşısında da geri addım atmamalısan
Görün, cəmi iki il ərzində xalqımızın başına nə qədər böyük bəlalar gətirildi. Əgər kimsə hesab edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi.
Bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.
“Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”, - dövlət başçısı deyib.
Prezident Qərbi azərbaycanlıların deportasiyasını böyük ədalətsizlik və vicdansızlıq adlandırıb
Qərbi azərbaycanlıların faciələri bununla bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qaldı. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti oldu.
Bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.
Soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyasını böyük ədalətsizlik və vicdansızlıq adlandıran dövlət başçısı deyib: “Çünki İkinci Dünya müharibəsi cəmi 3 il idi ki, başa çatmışdı. Azərbaycan xalqı böyük fədakarlıq göstərmişdi. Təkcə sovet Azərbaycanından olan insanların 300 mini həlak olmuşdu. O vaxt sovet Ermənistanında yaşamış on minlərlə azərbaycanlı da həlak olmuşdu. Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində əldə edilmiş qələbədə müstəsna rol oynamışdı”.
Prezident vurğulayıb ki, Azərbaycan nefti olmasaydı sovet dövləti heç vaxt qələbə qazana bilməzdi: “Bunu hər kəs bilir. Bu rəqəmlər dəfələrlə səsləndirilib. Benzinin, sürtkü yağlarının və neftin təqribən 70, 80, 90 faizi Azərbaycandan təchiz edilirdi. Bütün bunlara baxmayaraq, xalqımıza qarşı növbəti cinayətin törədilməsi, yenə də deyirəm böyük vicdansızlıqdır və saxta bəhanə adı altında xalqımız növbəti deportasiyaya məruz qalmışdır”.
Prezident: Heydər Əliyev bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar
1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Bu dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər.
Bunu Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə deyib.
“Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən ovaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi”, - dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı, bu azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi.
İlham Əliyev: İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik
Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Yəni, görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik.
Bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə xalqımızın XX əsrdə düçar olduğu bəlalardan danışarkən bildirib.
“Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklərini edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqləmirdi”, - dövlət başçısı deyib.
O vaxt işğal altında olan torpaqlara ATƏT-in iki dəfə faktaraşdırıcı missiya göndərdiyini xatırladan Prezident qeyd edib ki, onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük.
Azərbaycan Prezidenti: Sentyabr əməliyyatı bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq
Bu il bir çox önəmli hadisələr baş verib. Biz Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir.
Bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.
“Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər”, - dövlətimizin başçısı vurğulayıb.
Prezident deyib ki, özümüzü bundan sığortalamaq üçün biz mütləq Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idik və buna nail olduq.
Prezident: Qərbi Azərbaycanda ermənilərin törətdiyi dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır
Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək.
Bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.
Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı deyib: “Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik”.
Prezident: Qərbi Azərbaycan icmasının daha mütəşəkkil fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir
Qərbi Azərbaycan icmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün çox önəmlidir.
Bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə İcmanin qarşısında duran vəzifələrdən danışarkən söyləyib.
Dövlət başçısı deyib: “Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, icra qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir. Ona görə hesab edirəm ki, icma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu icmanın fəallığı çox önəmli ola bilər”.
İcmanın beynəlxalq müstəvidə fəaliyyətinin də vacib olduğunu vurğulayan Prezident qeyd edib ki, biz Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdığımız kimi, bu həqiqətləri də çatdırmalıyıq.
“Faktiki olaraq biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə burada da İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni, biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Prezident İlham Əliyev: İrəvanın ermənilər tərəfindən dağıdılmış tarixi mərkəzi Azərbaycan xalqının tarixi irsi idi
İndi bunu artıq dünyada da bilməyə başlayırlar və sual olunur, - bu sualı biz qoymuşuq, Azərbaycan nümayəndələri, bu məsələ ilə məşğul olan insanlar qoyublar, - indi göstərin görək İrəvanın tarixi mərkəzi haradır? Əgər deyirsiniz ki, guya bu, dünyanın ən qədim şəhəridir, haradadır bunun tarixi mərkəzi?
Bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib.
Dövlət başçısı deyib: “İndi baxın, görün, Cənubi Qafqazın digər ölkələrinə - Azərbaycanda, Gürcüstanda, bizim şəhərlərimizdə, əksər şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər var. İstər Bakı olsun, Gəncə olsun, Naxçıvan, Şəki, Qəbələ, digər bütün şəhərlərdə. Bəs necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy, bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb. Yəni, bütün bunlar göstərilməlidir. Yəni, siyasi və hüquqi tərəfdən başqa, istənilən məsələdə bunun tarixi mahiyyəti də əhəmiyyət kəsb edir. Ona görə bizim işimiz bu tarix üzərində qurulmalıdır.
Hüquqi tərəfə gəldikdə, biz birlikdə fikirləşməliyik, beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Azərbaycan dövləti burada da kömək göstərəcək. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər”.
Azərbaycan Prezidenti: Bizim tarixi həqiqətlərlə bağlı kitablarımız yenilənməlidir
Bizim tarixi həqiqətlərlə bağlı kitablarımız yenilənməlidir. Müəyyən dövrdə kitablar, o cümlədən tarixi şəhərlərimizin, kəndlərimizin adları ilə bağlı kitab dərc edilib. Siz o kitabın müəllifisiniz. Mən onu görmüşəm, amma onu Azərbaycanda çox adam görməyib. Yəni, siz təşəbbüs olaraq bunu, imkanınız çatan tərzdə özünüz etdiniz. Biz bunu dövlət səviyyəsində etməliyik, o kitabça bütün dillərə tərcümə edilməlidir.
Bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.
“Biz özümüz üçün dost saydığımız ölkələrdən alimləri, arxeoloqları, tarixçiləri dəvət edəcəyik ki, mötəbər bir beynəlxalq konfrans keçirək, bunu təqdim edək. Yəni, bir çox addımlar atılmalıdır ki, bu mövzu gündəlikdən çıxmasın, əksinə bu mövzu beynəlxalq gündəliyə daxil edilsin. Çünki bu gün Ermənistan monodövlətdir. Biz bunu deyəndə, haqlı olaraq dünya ictimaiyyətinə bildiririk ki, bu, dözülməzdir”, - deyə Prezident qeyd edib.
Avrasiya məkanında, yeganə monodövlətin yalnız Ermənistan olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, başqa xalqları oradan müxtəlif yollarla çıxarıblar, kimi öldürüblər, kimi hədələyiblər, kimin evini yandırıblar: “Bütün başqa millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar. Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır. Mən bunu dəfələrlə deyəndə, mənə irad tuturlar, çalışırlar irad tutmağa ki, mənim ərazi iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm. Əgər kimsə başqa versiyanı təsdiq edə bilsə, gəlsin təsdiq etsin”.
Prezident: Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub
Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz.
Bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib.
“Mən bunu artıq bir neçə dəfə demişəm, bu gün də demək istəyirəm. Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır və biz bu gün görüşdüyümüz vaxtda BMT-də bizə qarşı növbəti təxribat hazırlanır. Artıq bir neçə gündür ki, xüsusi canfəşanlıqla seçilən bəzi ölkələr bizə qarşı növbəti çirkin planlarını həyata keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə bilmirlər, neçə gündür əlləşirlər. Gələn həftə də öz səylərini göstərəcəklər”, - deyə dövlətimizin başçısı bildirib.
.
