"Əminəm ki, bizim bu gün qəbul edəcəyimiz qərarlar qısa müddətdə əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa və regional əməkdaşlıq baxımından yeni şərait yaratmağa imkan verəcək. Həm Qazaxıstan, həm də Azərbaycan konkret nəqliyyat, enerji layihələri, iqtisadi inkişafla bağlı layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmlətmək üçün çox iş görür. Mənim üçün bu da xoşdur ki, şirkətlərimiz arasında qarşılıqlı investisiyalar qoyuluşu başlanır və artıq yaxşı nəticələr verir”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə geniş tərkibdə görüşü zamanı deyib.
O qeyd edib ki, N. Nazarbayevin səfəri ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir: "Mən, ilk növbədə, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə Sizi bir daha təbrik etmək istərdim. Bu, dünya miqyaslı məsələlərdə Qazaxıstanın rolunun, Sizin şəxsi nüfuzunuzun etiraf edilməsi və təkcə bizim regionda deyil, bütövlükdə planetdə sülhün möhkəmlənməsi üçün Sizin irəli sürdüyünüz təşəbbüslərin tanınması deməkdir. Biz münasibətlərimizin inkişafından çox məmnunuq, biz daim əlaqə saxlayırıq. Bu gün biz artıq bir sıra məsələlərə dair fikir mübadiləsi apardıq. Biz bu işə dünən axşam başladıq və artıq baş tutmuş fikir mübadiləsi göstərir ki, müzakirə edilən bütün məsələlər barədə mövqelərimiz tamamilə üst-üstə düşür. Siyasət sahəsində fəal qarşılıqlı əlaqələrimizi, iqtisadi sahədə, nəqliyyat sahəsində yaxşı perspektivləri ətraflı müzakirə etmişik və indi nümayəndə heyətlərinin iştirakı ilə diskussiyaları davam etdirəcəyik. Fikrimcə, Sizin səfəriniz və qəbul ediləcək qərarlar investisiyaların həcmini artırmaq üçün özəl sektoru da stimullaşdıracaq. Sizi bir daha salamlamaq və əmin olduğumu bildirmək istərdim ki, bu səfər çox uğurlu keçəcək və ölkələrimizi daha da yaxınlaşdıracaq”.
"Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. Bizim münasibətlərimiz çox uğurla inkişaf edir. Biz bir sıra istiqamətlər üzrə əməkdaşlıq edir, beynəlxalq aləmdə həmişə bir-birimizi dəstəkləyir, regionda çoxsaylı mühüm birgə tədbirlər, təşəbbüslər həyata keçiririk".
Bunu da Azərb İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə məhdud tərkibdə görüşdə deyib.
Dövlət başçısı bugünkü səfərin gündəliyinin kifayət qədər geniş olduğunu bildirib: "Müzakirə edəcəyimiz xeyli məsələlər var. Əminəm ki, qəbul edəcəyimiz qərarlar, imzalanacaq sənədlər ölkələrimiz arasında münasibətlərin daha fəal inkişafı işinə xidmət edəcək. Biz buna çox böyük əhəmiyyət veririk. Qazaxıstan bizim üçün dost, qardaş ölkədir. Onun çox böyük potensialı var və Sizin rəhbərliyinizlə Qazaxıstanın qazandığı nailiyyətlər dost kimi bizi sevindirir. Buna görə əminəm ki, səfəriniz çox məhsuldar, səmərəli olacaq, yaxşı nəticələr verəcək. Bu, ölkələrimizi daha da yaxınlaşdıracaq və regionumuzda daha əlverişli şərait yaradacaq".
"Biz azərbaycanlı qardaşlarımızın səmimiyyətini, qonaqpərvərliyini hiss edirik. Dövlətlərarası beş sənəd, müvafiq sazişlər, idarələrarası razılaşmalar hazırlanıb. Bu sənədlər bizim iştirakımızla imzalanacaq. Son illərdə bizim münasibətlərimizdə yeni mərhələ olan bu sənədlər dövlətlərimiz arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlıq məsələlərini həll edəcək”.
Bunu isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti ilə geniş tərkibdə görüşü zamanı deyib.
"Biz həqiqətən bütün məsələləri müzakirə etdik. İmzalanmaq üçün hazırlanmış Bəyannamədə hər şey – bütün istiqamətlər üzrə münasibətlərimiz nəzərə alınıb. Biz aydınlaşdırdıq ki, yaxın iki-üç il ərzində əmtəə dövriyyəsini kəskin şəkildə - bir neçə dəfə artırmağa imkan var. İdarələr arasında, xüsusən nəqliyyat-kommunikasiya nazirlikləri arasında imzalanacaq sənədlər, müvafiq razılaşmalar hər iki dövlət üçün böyük səmərə vəd edir”, - deyə o vurğulayıb.
İqtisadi-siyasi, mədəni-humanitar məsələlərə gəldikdə isə N. Nazarbayev bildirib ki, münasibətlərimizi bir daha vurğulamaq üçün gənclərin dövlətlərimizdəki müvafiq ali məktəblərə qəbul edilməsi, mədəni münasibətlərin, ziyalıların görüşlərinin, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin bərpa olunması məsələlərinə diqqət yetirilməlidir: "Bunun üçün yaxşı imkanlar, bir növ körpü var. Qazaxıstanda bizim vətəndaşlarımız olan 130 min etnik azərbaycanlı yaşayır. Onlar bizim vətəndaşlarımızdır və bütün məsələlərə tam şəkildə qoşulublar. Bu, bizim ticari əlaqələrimiz üçün yaxşı körpüdür. Mən bilirəm ki, məhz onlar müştərək müəssisələr açır, biznes qurur və bizim münasibətlərimizi yaxşılaşdırmağa kömək edirlər. Fikrimcə, biz bunu dəstəkləməliyik. Biz konkretlik barədə danışdıq. Konkretlik bazis, iqtisadiyyat deməkdir. İqtisadi münasibətlər, ticarət bizim maraqlarımız səviyyəsində deyil və bu gün bu barədə danışacağıq. Bunu necə etmək lazım olduğunu görürük”.
"Qazaxıstanla Azərbaycan arasında münasibətlər heç vaxt və heç bir halda pozulmayıb, əksinə, biz tariximizin, mədəniyyətimizin, dinimizin yaxınlığını qeyd etmişik və münasibətlərimizi bu etimad əsasında qurmuşuq. Müstəqilliyi bərpa etdikdən sonra biz Heydər Əliyevlə birlikdə bunun bünövrəsini yaratmışıq və indi həmin işi davam etdiririk".
Nursultan Nazarbayev Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə məhdud tərkibdə görüşdə qeyd edib.
N. Nazarbayev əmin olduğunu bildirib ki, bu səfər və danışıqlar ticari-iqtisadi, siyasi münasibətlərin möhkəmləndirilməsinin, xalqlarımızın və ölkələrimizın daha da yaxınlaşmasının yeni əsasını qoyacaq: "Biz artıq dünən Sizinlə ilkin danışıqlara başlamışıq və bu yeni şəraitdə hansı perspektivlərin, imkanların olduğunu görürük. Elə indi - dünyada böyük dəyişikliklərin, iqtisadi-siyasi cəhətdən böhranın baş verdiyi zamanda bizim ixrac-birja məhsullarımız çöküb. Bu, bir tərəfdən, pisdir, digər tərəfdən, məlum olduğu kimi, problemdə imkanları da görmək lazımdır. Biz də bu imkanları onda görürük ki, iqtisadiyyatı şaxələndirməliyik, yeni istehsal sahələri yaratmalıyıq, yeni işlər görməliyik, buna isə elmi və innovasiyaları cəlb etməliyik. Bu işlər həm sizdə, həm də bizdə həyata keçirilir və yeni əsaslar üzərində ölkələrimizin iqtisadi əlaqələrini kəskin şəkildə yüksəltmək mümkündür. İşimizi davam etdirmək üçün vaxtı bir daha dəqiqləşdirməliyik.
Mən Sizi keçirilmiş referendum münasibətilə təbrik edirəm. Əminəm ki, bu referendum Azərbaycan xalqının rifahına xidmət edəcək. Bu referendum xalqın şəxsən Sizə olan etimadını bir daha nümayiş etdirdi. Belə mürəkkəb dövrdə bu, çox mühüm məqamdır. Biz səmimi qəlbdən Sizi təbrik edirik.
Mən Bakı şəhərinin necə inkişaf etdiyini, daha da gözəlləşdiyini görürəm. Yeni paytaxt quran insan kimi mənim üçün bu, aydındır, bunun necə başa gəldiyini bilirəm. Şəhər gözəlləşir, çünki bu, ölkənin simasıdır. Hər gələn paytaxtı, ölkəni görür, həmçinin Azərbaycan da inkişaf edir. Mən bir daha qeyd edirəm ki, biz yaxın qonşularıq və biri-birinə etibar edən dostlarıq.
Bizim nümayəndə heyətinə göstərilən səmimi qəbula görə sağ olun. Aparacağımız danışıqlar və imzalayacağımız bəyannamə özlüyündə bizim gələcəkdə ölkələrimiz və xalqlarımız üçün nəzərdə tutduğumuz böyük işlərdən xəbər verir".
