
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarusa rəsmi səfəri çərçivəsində oktyabrın 6-da bu ölkənin xarici işlər naziri Vladimir Makey ilə də görüşüb.
Virtualaz.org-un XİN-in mətbuat xidmətinə istinadən məlumatına görə, görüşdə ölkələrimiz arasındakı səmimi dostluq münasibətləri əsasında dinamik surətdə inkişaf edən ikitərəfli siyasi-iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.
Hər iki ölkənin əksər beynəlxalq məsələlərə münasibətdə mövqeyinin üst-üstə düşdüyü vurğulanaraq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası təmasların xüsusi rola malik olduğu qeyd edilərək, parlamentlər səviyyəsində qarşılıqlı səfərlərin təşviq edilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin hökumətlərarası əməkdaşlıq komissiyasının növbəti iclası və onun gündəliyində duran məsələlər, müqavilə-hüquq bazasının genişləndirilməsi, qarşılıqlı sərmayələr və uzunmüddətli iqtisadi layihələr kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkənin yüksək texnologiyalar, sənayenin müxtəlif sahələri, kənd təsərrüfatı və mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malik olduğu qeyd edilib.
Görüşdən sonra Elmar Məmmədyarov və Vladimir Makey birgə mətbuat konfransı keçiriblər.
Virtualaz.org-un "Belarus 24” telekanalına istinadən məlumatına görə Vladimir Makey bildirib ki, Minsk və Bakı arasında münasibətlər strateji xarakter alıb və nazirlər Azərbaycan prezidenti İlham Əliyevin gələn il Belarusa səfərinin təşkili imkanlarını müzakirə ediblər.
Yeri gəlmişkən, oktyabrın 10-da Belarus prezidenti Aleksandr Lukaşenkonun sədrliyi ilə Minskdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
İclasın gündəliyində təhlükəsizlik, humanitar və digər sahələrdə dövlətlərarası əməkdaşlığın gələcək inkişafına istiqamətlənmiş 17 sənəd layihəsi yer alır.
Belarusun xarici işlər nazirinin açıqlamasından isə belə çıxır ki, İlham Əliyev bu tədbirə getməyəcək.
.