"Biz bu səfərə böyük önəm veririk. Görüşdə ölkələr arasındakı münasibətlər, regional məsələlər, o cümlədən Dağlıq Qarabağda baş verən son hadisələr detallı şəkildə müzakirə olundu”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Rusiya baş naziri Dmitri Medvedevlə görüşdən sonra mətbuata verilən birgə bəyanatda deyib.
 
Dövlət başçısı bildirib ki, bu səfər Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin növbəti təzahürüdür: "Dmitri Medvedevin Azərbaycana səfəri münasibətlərə verilən önəmi göstərir”.
 
Prezident İlham Əliyev bildirib ki, uzun müddətdir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, o cümlədən ətrafdakı 7 rayon işğal altındadır, 1 milyondan çox məcburi köçkün və qaçqın var: "Münaqişənin tənzimlənməsi ilə bağlı mexanizm və  BMT  Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Təəssüf ki, bu qətnamələr yerinə yetirilmir. Rusiya  BMT  Təhlükəsizlik Şurasının və  ATƏT-in  Minsk Qrupunun üzvü kimi mühüm ölkədir. Rusiya prezidenti Vladimir Putin eskalasiyanın qarşısının alınması üçün mənə və Ermənistan prezidentinə zəng etdi”.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan atəşkəsə əməl edir, Ermənistanın da atəşkəsə əməl edəcəyinə ümidvardır: "Ermənistanın Azərbaycanı eskalasiyada günahlandırması əsassızdır. Biz, sadəcə, torpaqlarımızı və mülki şəxslərimizi qoruyuruq. Azərbaycan münaqişənin sülh yolu illə həllində maraqlıdır və danışıqlar prosesini davam etdirəcəyik. Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfərini dəstəkləyirik. İnanırıq ki, "status-kvo" dəyişəcək, Azərbaycan torpaqları işğaldan azad ediləcək. Bundan sonra region çiçəklənəcək, bütün region ölkələri inkişaf edəcək”.
"Rusiya-Azərbaycan münasibətləri strateji, qarşılıqlı faydalı xarakter daşıyır”.
 
"Münaqişə danışıqlar və kompromislər yolu ilə həll edilməlidir”
APA-nın məlumatına görə, bunu isə Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, münasibətlər dostluq və qarşılıqlı hörmətə əsaslanır: "İqtisadi durum sadə olmayan bir dövrdən keçir. İqtisadi əlaqələrin və investisiya qoyuluşlarının daha da inkişaf etdirilməsi vacibdir. Bizim böyük enerji və nəqliyyat layihələrimiz var. Xəzər dənizində və regionunda əməkdaşlıq önəmlidir. Elektroenergetika və humanitar sahələrdə əməkdaşlıq da mühüm istiqamətlərdir. Turizmin inkişafı da gündəlikdə duran məsələdir. Bu səfər nəzərdə tutulmuşdu, ancaq son hadisələrlə əlaqədar səfər daha tez həyata keçirildi və bu, doğru addımdır”.
 
D. Medvedev qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir: "Münaqişənin sülh, danışıqlar yolu ilə həllinin alternativi yoxdur və kompromislər yolu ilə həll edilməlidir.  ATƏT-in  Minsk Qrupunun üzvü kimi bu istiqamətdə səylərimizi davam etdiririk. İnanırıq ki, bu səylər etimadın bərpa olunmasında və münaqişənin həllində rol oynayacaq. Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır”.
.