Ötən gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.
Dövlət başçısı qeyd edib ki, 2014-cü ilin birinci rübündə ölkə iqtisadiyyatı 2,5% artıb, ÜDM-in həcmi, həmçinin qeyri-neft sektorunun xüsusi çəkisi artıb.
İ.Əliyevin sözlərinə görə, əhalinin banklardakı əmanətləri 20%-dən çox, orta aylıq əməkhaqqı 7% artıb.
Ölkənin valyuta ehtiyatları artaraq 53 milyard dollar təşkil edib. Azərbaycanın xarici dövlət borcu ÜDM-in 8%-ni təşkil edir.
Xarici siyasət məsələsinə toxunan İ.Əliyev deyib ki, birinci rübdə Azərbaycan dünyadakı mövqeyini daha da möhkəmləndirib.
"Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, beynəlxalq hüquqa və ədalətə əsaslanır”, - o vurğulayıb.
Qarabağ münaqişəsinə gəlincə, dövlət başçısı Azərbaycan torpaqlarını işğal edən və etnik təmizləmə aparan Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırıb.
Sonra İ.Əliyev qeyd edib ki, hərbu quruculuq davam edir, ordu möhkəmlənir və müasir avadanlıqla təchiz olunur.
Müşavirədə vergilər naziri Fazil Məmmədov, energetika naziri Natiq Əliyev, təhsil naziri Mikayıl Cabbarov da çıxış ediblər.
Sonda İ.Əliyev bildirib ki, yaxın vaxtlarda kənd təsərrüfatında islahatların genişləndirilməsi üçün yeni sərəncam veriləcək.
O son vaxtlar ağacların kəsilməsi faktına toxunub. Dövlət başçısı bunu pisləyərək yaşıllığın məhv edilməsinə son qoyulmasını tələb edib.
.