"Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı ki, onların güclü ordusu var və bu ordu böyük qələbə əldə edib. Halbuki biz hamımız yaxşı bilirik ki, 1990-cı illərin əvvəllərində nələr baş verib”.
Prezident İlham Əliyev bu fikirləri aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə söyləyib.
"O vaxt Azərbaycanda xaos, anarxiya hökm sürürdü, hakimiyyət uğrunda mübarizə gedirdi. O vaxt - 1992-ci ildə AXC-Müsavat cütlüyü hərbi çevriliş etmişdir və bundan sonra biz cəbhədə torpaqlarımızı itirməyə başladıq. Şuşa, Laçın 1992-ci ildə, Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşəndən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılıb və biz strateji mövqelərimizi o vaxt itirdik. O, dövlətə, xalqa qarşı bir xəyanət idi və ermənilər, Ermənistan, onların havadarları bu vəziyyətdən istifadə edərək xarici dəstək, xarici müdaxilə hesabına bizim torpaqlarımızı işğal edib. Bu, tarixdir, biz bu tarixi bilirik və gənc nəsil də tarixi olduğu kimi bilməlidir. Ondan sonra Ermənistan rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. Bu döyüşlər göstərdi ki, xarici yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilmir və bilməz. Onlar özləri də məcbur qalıb bunu etiraf etməyə başlayıblar”, - deyə o vurğulayıb.
"Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək".
Bu sözləridə Ali Baş Komandan aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi: "Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək".
Prezident vurğulayıb ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır: "Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir".
"Aprel döyüşləri zamanı ermənilər beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət ediblər ki, döyüşlər tezliklə dayandırılsın. Sonra isə onlar bəzi ölkələri ittiham etməyə başlayıblar ki, onların yardımına gəlməyiblər. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir. Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz".
Bunu da prezident Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüşündə deyib.
Ali Baş Komandan bildirib ki, Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa edib: "Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, əhəmiyyətsiz torpaqlardır. Gah da deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalandır. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir".
"Biz neçə il idi ki, ötən ilin aprelindəki vəziyyəti gözləyirdik. Düşmən fikirləşirdi ki, biz o səddi aşa bilmərik. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı bölmələri Goranboyun Tap Qaraqoyunlu kəndi istiqamətində tanklarla, piyadalarla hücuma keçmişdi. Biz bu məlumatı əldə etdik və düşmənin kəşfiyyat-diversiya qrupunun qarşısını aldıq”.
Bunu isə aprel döyüşlərinin iştirakçısı olmuş Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Eldəniz Sadıqov deyib.
Döyüşlər zamanı minaya düşmüş E. Sadıqov bildirib ki, ermənilər mövqelərini, silah-sursatını qoyaraq qaçıb: "Bizdə olan məlumata görə, mövqelərini qoyub qaçan 15 erməni əsgəri güllələnmişdi. Düşmən bu dəqiqə də qorxu içində yaşayır. Aprel döyüşləri zamanı əsgərlərin, zabitlərin döyüş ruhu çox yüksək idi. Bizim əsgərimiz döyüşməyi bacarır. Bir daha belə hal təkrar olunarsa, düşmən tab gətirə bilməyəcək. Düşmən elə bilirdi ki, bizdə döyüş ruhu yoxdur. Biz düşmənin canlı qüvvəsini, texnikasını məhv etdik. Döyüşlər dayandırılmasa, ermənilər tab gətirə bilməyəcəkdilər. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov bizi daim nəzarətdə saxlayırlar”.
Aprel döyüşlərinin daha bir iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Xaqani Cəfərov deyib ki, ötən il aprel ayının əvvəllərində Ağdam istiqamətində ermənilər mülki əhalini atəş altında saxlayıb: "Biz öz torpağımızda vuruşurduq. Mən Ağdamın Sarıcalı istiqamətində yaralanmışam. Biz həmin ərəfədə öz postlarımızda oturmuşduq. Aprelin 1-dən 2-nə keçən gecə ermənilər hücuma keçdilər. Ermənilərin yanına düşən hər bir mərmi erməniləri qorxuya salırdı. Biz düşmənə qarşı ən müasir silahlarla vuruşurduq. Amma balansımızda olan silahların hamısından, uzaq mənzilli raketlərdən istifadə etmədik”.
Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak edərkən başından snayper gülləsi alan Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Səbuhi Mehdizadə bildirib ki, aprel döyüşləri zamanı Azərbaycan xalqı birlik nümayiş etdirdi və bunu bütün dünya gördü: "Lələtəpə çox strateji bir yüksəklikdir. O yüksəklik sayəsində Horadiz düşmənin əlinin içində idi. Biz Lələtəpəni işğaldan azad etdikdən sonra indi düşmən bizim ayağımızın altındadır. Bizim sağalıb, xidmətimizi davam etdirməyimizə ilk növbədə millətimizin, dövlətimizin qayğısı səbəb oldu. Biz bu gün xidmətimizi davam etdiririk və Ali Baş Komandamızın əmrini gözləyirik. Döyüşlər bir daha göstərdi ki, düşmən bizdən zəifdir, qorxaqdır”.
