Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsini təsdiq edib.
2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 000,0 min manat, xərcləri 16 264 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 13 799 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 722 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiq edilib.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1698 000,0 min manat, icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 19 956 524,8 min manat məbləğində müəyyənləşdirilib.
Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2016-cı il icmal büdcəsinin kəsiri 9 947 954,7 min manat məbləğində müəyyən olunub.
Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin gəlirləri 3 078 570 100,0 manat, xərcləri 3 078 570 100,0 manat məbləğində təsdiq edilir.
Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.
Bu qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.
.