Azərbaycan prezidenti İlham Əliyev "Avanqard” MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub.

Dövlət başçısına iri fermer təsərrüfatları, habelə Cəlilabadın da daxil olduğu Lənkəran iqtisadi rayonu üzrə verilmiş güzəştli kreditlər barədə məlumat verilib.

Qeyd olunub ki, indiyədək Lənkəran iqtisadi rayonu üzrə 2528 sahibkara 102,6 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 11 mindən çox yeni iş yeri yaradılıb. Eyni zamanda, 2250 sahibkara 19 milyon manatadək kiçik həcmli güzəştli kredit verilib və bu kreditlər hesabına 4580-ə yaxın yeni iş yeri yaradılıb. Cəlilabad rayonunda isə 530-dan çox sahibkara 21,7 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 2900-dən çox yeni iş yeri açılıb.

Sonra prezident İlham Əliyev keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında 1300 hektar torpaq sahəsi üzrə müsabiqənin qalibi olmuş "Avanqard” MMC tərəfindən yaradılmış iri fermer təsərrüfatının sahələrinə baxıb.

Dövlət başçısı yaradılmış imkanlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlarını verib.

Prezidenti İlham Əliyev Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında da iştirak edib.

Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi, yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr uğurla davam etdirilir. Bu gün beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət verilir. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, ölkəmizin şəhər və rayonlarında mövcud avtomobil yollarının əsaslı təmiri və ya yenidən qurulması ümumilikdə regionların sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı yolu da bu baxımdan vacib əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon sakinləri Baxış Mustafayev, Lyubov Danilova və Böyükxan Bağırlı respublikamızın bütün bölgələri kimi, Cəlilabadın da inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Tikintisinə 2014-cü ilin mayında başlanılan bu yolun inşası yüksək səviyyədə və keyfiyyətlə aparılıb. Yolun istifadəyə verilməsi həmin kəndlərdə yaşayan sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, bu kəndlərin inkişafında da mühüm rol oynayacaq.

Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun inşası üçün dövlətimizin başçısının 2013-cü ildə imzaladığı Sərəncama əsasən Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Tikintinin davam etdirilməsi məqsədilə ötən il imzalanan Sərəncamla isə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılıb.

Avtomobil yolunun ümumi uzunluğu 21 kilometr, eni 8 metrdir. Yol dördüncü texniki dərəcəlidir. Bu yola 130 min kvadratmetrlik ikiqat asfalt döşənib. Altı yaşayış məntəqəsini, o cümlədən Alar, Təzəkənd, Üçtəpə, Əliqasımlı, Cəfərxanlı və Gülməmmədli kəndlərini əhatə edən yol ümumilikdə 23 mindən çox əhaliyə xidmət göstərəcək.

* * * 15:03

Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Burada həmçinin 110 kv.m sahəsi olan sərgi salonu, qrim otağı, 700 yerlik böyük və kiçik konfrans zalları, amfiteatr, yeni ailə quranlara psixoloji məsləhət, ana və uşaq, geyim, milli rəqs, mərkəzi idarəetmə otaqları var.

Mərkəzdə məntiqi təfəkkür kursu, şən və hazırcavablar klubu, kompyuter kursu-virtual sinif, xarici dil kursları, rəsm studiyası-heykəltəraşlıq, gimnastika və aerobika otaqları, müasir formatlı 3D kinozal, fotostudiya, nikah salonu, gənclər klubu, adi və elektron kitabxanalar, xalça və tikiş otaqları, internet kafe də fəaliyyət göstərəcək.

Sonra prezident İlham Əliyev burada istirahət edən rayon sakinləri ilə görüşüb. Sakinlər göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

* * * 12:44

Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfər edib.

Virtualaz.org-un AZƏRTAC-a istinadən məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan prezidentinə abidənin ucaldığı Heydər Əliyev adına park haqqında məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 7500 kvadratmetr olan parkda sakinlərin və rayonun qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parkın ərazisində iki fəvvarə, müasir işıq dirəkləri və oturacaqlar quraşdırılıb, yaşıllıq zolağı salınıb, yeni gül kolları əkilib.
.