"Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra bizim digər o vaxt işğal altında olan rayonlara uğurlu addımlarımız mümkün olmuşdu".

Bu fikri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı xatırladıb ki, Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı, Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edilib.

“Beləliklə, Laçın dəhlizini biz tam nəzarətə götürə bildik və bir daha demək istəyirəm, Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedirdi və bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu”, - deyə Azərbaycan Prezidenti bildirib.

Azərbaycan Prezidenti: "Oktyabrın 4-ü-Cəbrayılın azad olunduğu gün bizim tariximizdə əbədi qalacaq"

"Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu, Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi".

Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

“Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi və bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir - Böyük Mərcanlı və Nüzgar kəndi və Füzuli rayonunun 4 kəndi və bu, bizim birinci uğurumuz idi”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, bir il bundan əvvəlki dövrə qayıdaraq qələbəmizin əzəmətini bir daha görürük: “Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirməkdən, bütün işğal edilmiş torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün vaxt yox idi və buna heç gərək də yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından bir ilin keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olub”.

Prezident : "Tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq böyük potensialdan xəbər verir"

"Bu gün Cəbrayıl şəhərinin baş planının təqdimatı olacaq, fəal işlər başlayıb. Bu gün bir ilə görülmüş işlərə qiymət verərkən dövlətimizin, xalqımızın nə qədər böyük potensialı olduğunu görürük".

Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən bildirib.

Dövlət başçısı deyib: “Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buraya gələn hər bir insan bu dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu”.

Prezident qeyd edib ki, bu gün bütün dünya bunu görür və bunu görmək istəməyənlər də görməlidirlər. “Çünki Cəbrayıl şəhərindən demək olar ki, əsər-əlamət qalmayıb. Cəmi beşmərtəbəli iki bina qalıbdır, onlardan da erməni hərbçiləri istifadə edirdilər və keçmiş xəstəxananı onlar hərbi hissəyə çevirmişdilər. Bundan başqa bütün binaları, bütün tarixi abidələri yerlə-yeksan etdilər”, - deyə Azərbaycan Prezidenti bildirib.

Azərbaycan Prezidenti: "O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik"

“O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur”.

Bu fikri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı deyib ki, o vaxt belə fikirlər səslənirdi: torpaqlar azad olunarsa, məcburi köçkünlər qayıdacaq, qayıtmayacaq, onların bir çoxları, onların uşaqları, nəvələri o yerləri görməyiblər. Sonra dedilər ki, onların hamısı qayıtmaq istəyir: “Bu, məni çox sevindirdi. Bu, bir daha göstərdi ki, xalqımız nə qədər böyük xalqdır”.
 

.