“Siz haqlı olaraq qeyd etdiyiniz kimi, biz iki mühüm tədbirin təşkilində Sizin əla avadanlığınızı istifadə etdik. Texniki nöqteyi-nəzərdən deyə bilərəm ki, hər iki tədbir çox gözəl baş tutdu, çünki bu iş asan deyildi. Əgər türkdilli dövlətlərin Sammiti cəmi bir neçə dövləti əhatə edirdisə, ikinci tədbirə gəldikdə, iştirakçılar qırxdan artıq idi. Orada, həmçinin beynəlxalq təşkilatlar var idi. Yeri gəlmişkən, ilk dəfə idi ki, Qoşulmama Hərəkatı və Avropa İttifaqı eyni tədbirdə iştirak edirdi”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib.
Azərbaycan Prezidenti bildirib ki, əvvəllər, bu, heç zaman baş verməmişdir: “Azərbaycan həmin iki mühüm beynəlxalq tədbiri başladı. Təbii ki, onların hər ikisi koronavirusla və beynəlxalq səviyyədə onunla mübarizə ilə əlaqəli idi. Sizə deyə bilərəm ki, texniki dəstək əla idi. Mən bu fürsətə görə minnətdaram. Hazırda bu imkanlardan sizinlə söhbət etmək üçün istifadə edirik. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, mənim sizin əla sisteminiz vasitəsilə həmkarlarımızla, yəni, dövlət başçıları ilə artıq bir neçə söhbətim olub. Lakin bu, ilk dəfədir ki, mən şirkətin rəhbərləri ilə bu cür söhbət edirəm. Fikrimcə, xoş təsadüfdür ki, bu, CISCO-dur. Bu, ölkələrimiz arasında çox sıx və deyərdim ki, strateji tərəfdaşlığı nümayiş etdirir”.
Dövlət başçısı əlavə edib ki, ilk bu cür söhbət apardığı şirkət Birləşmiş Ştatları təmsil edən şirkətdir: “Yeri gəlmişkən, sizə deyə bilərəm ki, dünən mən Prezident Trampdan məktub almışam. O, məni və Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə təbrik edib. Öz məktubunda Prezident Tramp yazır ki, təxminən 30 ildir Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsini, siyasi islahatlar məsələlərini təmin etmək üçün birgə işləyirlər. Həmin məktubda, o, xüsusi olaraq qeyd edir ki, iki böyük dövlətimiz gələcəkdə daha çox işlər görəcək. Bu, ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür.
Prezident : “Koronavirusun ikinci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur”
“Müasir dünyada təhlükəsizlik bir nömrəli məsələdir və buraya enerji təhlükəsizliyi də daxildir. Bu səbəbdən kiberhücumlara qarşı müdafiənin bizim üçün əhəmiyyəti daha da artacaq”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib.
Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda, pandemiya vaxtı mən “Azərenerji”nin əməliyyat mərkəzinin açılışında iştirak etdim və burada SCADA sistemi daxil olmaqla bütün əməliyyat sistemləri çalışır: “Bizim enerji infrastrukturunun müasirləşdirilməsi ilə bağlı böyük planımız var. Mövcud elektrik stansiyalarında yenidənqurma və təmir işləri aparmaqla biz elektrik enerjisi istehsalında ən azı 600 meqavatlıq artım əldə edə bilmişik. Yəni, yalniz resursların optimallaşdırılması sayəsində biz səmərəliliyi artıraraq böyük generasiya gücü əldə etmişik. Beləliklə, bu, əlbəttə, bizim üçün prioritet təşkil edən məsələ olacaq. Səhiyyəyə gəldikdə, hər kəsə aydın oldu ki, koronavirusla uğurlu mübarizədə bu, mühüm amildir”.
Azərbaycan Prezidenti əlavə edib ki, bütün məhdudlaşdırıcı və təşkilati tədbirlərlə yanaşı, burada həlledici rolu xəstələri müalicə edən həkimlər oynayır: “Bu səbəbdən, çox qısa müddət ərzində bizim səhiyyə sistemimiz restrukturizasiya olundu. Biz ən yaxşı xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına verdik. Bu gün 20-dən artıq xəstəxana istifadə edilir. Deyə bilərəm ki, bəzi ölkələrdə ölüm hallarının yüksək səviyyədə olmasının səbəbi xəstəxanalarda çarpayı qıtlığı ilə əlaqəlidir. Onlar fiziki olaraq bütün xəstələri qəbul edə bilmir. Koronavirusun ikinci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur. Beləliklə, səhiyyə sisteminin müasirləşdirilməsi heç vaxt olmadığı qədər əhəmiyyətlidir, çünki koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”.
.
