Bu gün Azərbaycan prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanda iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparılıb, bu islahatların yaxından izlənildiyi qeyd olunub.
Azərbaycan prezidentinin Davosda səmərəli görüşlər keçirdiyi vurğulanaraq, bu görüşlərin dünyada Azərbaycanla əməkdaşlığa olan marağın göstəricisi kimi dəyərləndirilib. Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrə toxunulub, bu əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib. Eyni zamanda Azərbaycan-ABŞ əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi əminliklə qeyd olunub. Daha sonra Azərbaycan-İsrail əlaqələrindən danışılıb, əlaqələrimizin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğu bildirilib. İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə səfərinin bu əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Görüşdə Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.
Sonda xatirə şəkli çəkdirilib.
.
