Modern.az "Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir.
Yenizaman.az bildirir ki, növbəti yazıda vaxtilə Mozambikin və Cənubi Afrika Respublikasının birinci xanımı olmuş Qrasa Mişeldən bəhs edilir.
Prezidentlərin, bir çox ölkədə isə baş nazirlərin həyat yoldaşlarının birinci ledi statusunda ərlərini həm ölkə daxilindəki səfərlərdə, tədbirlərdə, həm də xaricdə müşayiət etməsi artıq heç kəsi təəccübləndirmir. Bəzi dövlətlərdə prezidentlərin hətta vətəndaş nikahında olduqları xanımlar da birinci ledi kimi qəbul olunurlar. Ancaq yəqin ki, indiyədək elə bir xanım tanımırsınız ki, o, həyatı boyu iki dövlətin birinci ledisi olsun. İnanmayacaqsınız, amma belə bir ledi olub. Söhbət ötən ilin dekabr ayında dünyasını dəyişən Cənubi Afrika Respublikasının tarixində ilk qara dərili prezident olan Nelcon Mandelanın həyat yoldaşından gedir. Bəli, Qrasa Mişel iki dəfə birinci ledi olub. O, 11 il Mozambik prezidenti Samara Maşelin arvadı olub, amma əri 1986-cı ildə avtomobil qəzasında dünyasını dəyişib. 12 il sonra, 1998-ci ildə Qrasa Cənubi Afrika Respublikasının ilk qara dərili prezidenti Nelson Mandelaya ərə gedib. Maraqlı faktdır ki, həm birinci, həm də ikinci dəfə ərdə olanda Qrasa Mişel kifayət qədər ciddi siyasi fəaliyyətlə məşğul olub.
O, Mozambikdə Mozambik Azadlıq Cəbhəsinin ən fəal üzvlərindən biri kimi çıxış edib, təhsil və mədəniyyət naziri postunu tutub. Onun xarici dillər üzrə fövqəladə qabiliyyəti ölkəsinin beynəlxalq əlaqələrini yönəltməkdə kifayət qədər köməyinə çatıb. Qrasa Avropadakı və dünyanın digər qitələrindəki beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və yenə bu fəaliyyətini davam etdirir, qadın və uşaq hüquqlarının məşhur müdafiəçisi kimi tanınır.
.
