İƏT MDİHK nümayəndə heyəti ilk olaraq işğaldan azad edilmiş Füzuli şəhərinə səfər ediblər.

Səfərdə Ombudsman aparatının əməkdaşları və ölkəmizə səfər edən İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) nümayəndə heyəti iştirak edir.

Səfər zamanı işğaldan azad edilmiş Füzuli rayonunda Qaraxanbəyli və Merdinli məzarlıqları, Merdinli məscidi, Füzuli Hava Limanı, Şəhərin tarixi mərkəzinin dağıntıları və yeni yaşayış məhəlləsi həmçinin Ermənistan işğalı nəticəsində zərər çəkmiş şəxslərlə görüş keçirilməsi və məlumatların onlardan birbaşa dinlənilərək qeydə alınması nəzərdə tutulub. Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Faktaraşdırıcı missiya həyata keçirəcək İƏT MDİHK nümayəndə heyətinin üzvləri İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə) İƏT MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamaradır (Qvineya).

Qeyd edək ki, sentyabrın 6-na kimi ölkəmizdə səfərdə olacaq nümayəndə heyəti bu gün Füzuli, Xocavənd və Ağdam rayonlarında olacaq, sabah isə faktaraşdırıcı missiya Gəncə şəhərində olacaq.

.