Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov səhhəti haqda xəbər yayanları axtarır.
Gunxeber.com-un xəbərinə görə, icra başçısının infarkt keçirməsini yerli məmurlardan biri mediaya ötürüb. T.Qaraşovun ətrafında olan həmin məmur əlaqəsi olduğu bir neçə xəbər portalına isti-isti məlumat verib.
İndi icra başçısı təftişə başlayıb ki, həmin şəxsi tapıb cəzalandırsın. Hazırda səhhəti yaxşılaşan və işə çıxan icra başçısı sözügedən məmura möhkəm qəzəblidir. Həmin şəxsin tapılaraq cəzalandırılması üçün ətrafında olan bir neçə şəxsə tapşırıq verib. İcra başçısının şübhələndiyi bir neçə məmur var ki, onlar daima "saman altdan su yeri"dir, Bakıya – mətbuata informasiyalar sızdırır.
Gunxeber.com-a daxil olan məlumata görə, icra başçısının axtarışları artıq nəticə verib. Məlumatda iddia edilir ki, həmin məmurlardan biri icra başçının müavini Əlimərdan Əliyevdir. Ə.Əliyev yerli adamdır, uzun müddətdir icra hakimiyyətində vəzifə tutur və bir neçə icra başçısı yola salıb.
Mənbənin qeydlərinə görə, Ə.Əliyevin T.Qaraşovla bağlı mediaya mətbuat ötürməsi üzə çıxdıqdan sonra icra başçısı ilə müavini arasında ciddi qalmaqal başlayıb.
Ə.Əliyev T.Qaraşovun onu ciddi cəzalandıracağından narahat olaraq, onun zərbələrini zərərsizləşdirmək üçün bu dəfə icra başçısının rayondakı abadlıq, təmir işlərini oğluna həvalə etməsini və dövlətin ayırdığı böyük pulları bu vasitə ilə mənimsəməsi məsələsini gündəmə gətirir.
Qeyd edək ki, T. Qaraşov 1959-cu ildə Kürdəmir rayonunda anadan olub. 1996-2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə Astara rayonlarının icra başçısı işləyib. 2012-ci ilin aprel ayından Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır.
Adı çəkilən şəxslərin mövqeyini dinləməyə hazırıq.
.