Qərbi Azərbaycan İcması bəyanat yayaraq, Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serjik Sarqsyanın Polşanın Baş nazirinə yazdığı məktubda Azərbaycanın suveren əraziləri ilə bağlı gülünc iddialar səsləndirməsinə, “Artsax” səhifəsinin bağlanmadığını deməsinə münasibət bildirib.

Bəyanatda qeyd olunub ki, S.Sarqsyan vaxtilə çox təkəbbürlü danışır, özünü olduqca həyasız aparırdı.

"Xocalıda əliyalın dinc sakinlərin soyqırımında iştirakı ilə qürrələnən, Azərbaycanın istənilən şəhərini Ağdam kimi xarabalığa çevirməklə hədələyən, “Biz Qarabağı aldıq, siz isə “Ararat”ı alın” kimi boğazdan yuxarı açıqlama verən Serjik Sarqsyan və onun Ermənistanı 2016-cı ildə aprel ayında Azərbaycan tərəfindən döyüş meydanında məğlub edildi.

Bundan sonra Serjik Sarqsyanın əvvəlki təkəbbürü yoxa çıxdı, o, “Lələtəpəni geri alardım, amma 100 nəfər itki verərdik, erməni əsgərlərinin həyatını Lələtəpədən üstün tuturam” kimi boş, sentimental fikirlərlə Ermənistan cəmiyyətinin başını aldatmaq istədi. Amma bir müddət sonra Serjik Sarsqan, özü kimi digər Xocalı qatili Seyran Ohanyan başda olmaqla “tuşonka generalları”nı qovdu və bununla da, məğlubiyyətini etiraf etdi".

İcma bildirib ki, aprel döyüşləri ilə hakimiyyəti sarsılan S.Sarqsyan 2018-ci ildə biabırcasına məğlub olaraq qaçdı, amma onun daha böyük “sprint qaçışı” hələ qabaqda idi.

"2020-ci ildə Vətən müharibəsinin ilk günlərində nümayişkəranə şəkildə Qarabağa gəlməklə özünə “qəhrəman” libası verməyə çalışan Serjik Sarqsyan bir müddət sonra bu dəfə rəşadətli Azərbaycan ordusunun qabağından qaçdı. Serjik Sarqsyan tarixdə məhz fərari kimi qalacaq. Ermənistanın müharibə vaxtı 12 min fərarisi arasında Serjik Sarqsyan “şərəfli” yer tutur.

Vətən müharibəsindən sonra Serjik Sarqsyan hərdən bir sarsaq və kövrək açıqlamalar verir, hamıdan imdad diləyir. Artıq Serjik Sarqsyanın Artak Beqlaryanlardan heç bir fərqli yoxdur.

Bu gün Şuşa, Xocalı, Xankəndi, bütün Qarabağ azaddır. Serjik Sarqsyan, Robert Koçaryan, Vardan Oskanyan, “Artsax”, “Stepanakert”, ATƏT-in Minsk Qrupunun kitabı bağlanıb və onlar artıq tarixin arxivindədir", - bəyanatda deyilir.

.