Özlərini demokratiya və insan hüquqlarının müdafiəçisi kimi qələmə verən Qərb dövlətləri azərbaycanlıların qayıdış hüququna münasibətdə biganəliklərinə və bu mövzuda ayrı-seçkiliyə son qoymalıdırlar.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.

Bəyanatda bildirilib ki, Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin 90 faizi tərk edilmiş və dağıdılmış vəziyyətdədir:

"Qərbi Azərbaycan İcması Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada 2-ci Qlobal Media Forumunda etdiyi çıxışında Qərbi Azərbaycan mövzusunu müfəssəl şəkildə təqdim etməsinə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna verdiyi birmənalı dəstəyə görə dərindən təşəkkür edir. Prezidentin vurğuladığı kimi, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Xatırladaq ki, Rusiya İmperiyasında 1897-ci ildə aparılmış əhalinin ümumi siyahıyaalınmasının nəticələrinə görə, azərbaycanlılar indiki Ermənistan ərazisində çoxluq təşkil edirdilər. Həmin dövrdə Cənubi Qafqazdakı azərbaycanlı əhalinin 25 faizi, o cümlədən, onların qeydiyyata alınmış məscidlərinin 30 faizi məhz indiki Ermənistan ərazisində idi. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, onların 300-ə yaxın məscidi, çoxsaylı qəbiristanlıqları və digər mədəni abidələri yer üzündən silinib. Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin 90 faizi tərk edilmiş və dağıdılmış vəziyyətdədir".

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini beynəlxalq hüquq öhdəliklərinə əməl etməyə, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına şərait yaratmağa və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməyə çağırıb:

"Cənab Prezidentin qeyd etdiyi kimi, Qərbi azərbaycanlılar deportasiyanın bütün əzab-əziyyətlərini yaşayıblar. Onlar öz evlərini qətliam, qorxu mühitinin yaradılması və dövlət orqanlarının zor tətbiq etməsi nəticəsində tərk etməli olublar. Xaricdən ermənilərin gətirilməsi üçün 1948-53-cü ildə yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiya edilməsi və onların çoxunun fərqli iqlim şərtlərinə dözməyib həlak olması Qərbi azərbaycanlıların taleyinin faciəvi səhifələrindən biridir. Qərbi Azərbaycan İcması Ermənistan hökumətini beynəlxalq hüquq öhdəliklərinə əməl etməyə, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına şərait yaratmağa və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməyə çağırır".

.