Qərbi Azərbaycan İcması son günlər bir sıra Ermənistan rəsmiləri tərəfindən Qərbi Azərbaycana qayıdışa dair səsləndirilən bəyanatları qınayır.
İcmadan verilən məlumata görə, bu, bir daha Ermənistanda Azərbaycanofobiyanın hökm sürdüyünü bariz şəkildə sübut edir:
"Qərbi azərbaycanlıların guya deportasiyaya məruz qalmadıqları, evlərinin əvəzində kompensasiya alaraq öz əzəli torpaqlarını tərk etmələrinə dair iddialar isə ümumiyyətlə heç bir mənəvi-əxlaqi dəyərlərə sığmır.
Qərbi Azərbaycan İcmasının Ermənistana ünvanlanmış dialoq təklifinin ərazi iddiası kimi hesab edilməsi qəbuledilməzdir.
Ermənistan rəsmilərinin bəyanatları həm də onu göstərir ki, Ermənistan son vaxtlar Qərbi Azərbaycana qayıdış məsələsinin beynəlxalq müstəviyə çıxarılmasından olduqca narahatdır.
Bundan əlavə, Ermənistan rəsmilərinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin “müstəsnalığına” dair dedikləri insan hüquqlarına kökündən ziddir. Ermənistan hökumətinə bir elementar həqiqəti xatırlatmaq istərdik ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci bəndinə əsasən “Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar”.
Həmçinin, həmin Bəyannamənin 13-cü bəndinə əsasən, hər bir insanın öz ölkəsinə qayıtmaq hüququna malikdir. Ermənistandan zorla qovulmuş azərbaycanlılar bu hüquqlarının təmin edilməsi üçün öz dinc mübarizələrini əzmlə davam etdirəcəklər.
.