“Erməni diasporunun əlində oyuncağa çevrilmiş Luis Okampo Azərbaycanı “soyqırımı”nda ittiham edən növbəti qondarma hesabatla çıxış edib. Xocalı qatillərinin tutulmasına göz yaşı tökən səlibçi mentalitetli Luis Okampo bunu “erməni soyqırımının tərkib hissəsi” kimi qələmə verir. O, daha doğrusu, bu cızmaqaranı onun adından yazmış şəxslər “Dağlıq Qarabağ etnik qrupu” kimi “dahiyanə elmi kəşf” edib”.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Qeyd olunub ki, cızmaqarada 2017-ci ildə “İvanyan (ermənilərin Xocalıya verdiyi eybəcər ad) Artsaxın Azərbaycan işğalından azad edilmiş inkişaf edən kəndidir” deməklə Azərbaycan xalqını təhqir edən Artak Beqlaryan kimi irqçi klounun ifadəsi yer alıb:

“Hesabatda bu il Azərbaycan əleyhinə təşkil edilmiş BMT Təhlükəsizlik Şurasının iclaslarına, ABŞ senatında dinləmələrə, “The New York Times“, “The Washington Post“ kimi qəzetlərdə ölkəmizə qarşı yer almış şər-böhtan yazılara toxunan L.Okampo əslində özünün də cəlb edildiyi kampaniya barədə aydın ipucuları verir.

Azərbaycan və Ermənistan arasında əldə edilmiş 7 dekabr anlaşması fonunda belə əməllərin məqsədi sülh prosesinə mane olmaqdır. Bir sıra regiondankənar dairələr Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlı deyil. Belə kağız parçaları bu ilin yay aylarında olduğu kimi Ermənistana boş ümid verməməlidir. Ermənistan əgər sülh istəyirsə, onda ərazisində olan Qarabağ ermənilərinin təxribatçı tör-töküntülərinin Azərbaycana qarşı düşmənçilik fəaliyyətinə son qoymalıdır”.

.