
Qubadan Qəçrəşə uzanan yolun kənarındakı geniş meşə massivi tamamilə zəbt olunub. Bir il əvvələ qədər yaşıllıq olan, təxminən 5 kilometrlik bu meşə zolağı hazırda daş, dəmir hasarlarla mühasirəyə alınıb və içəriyə kənar şəxslərin girişi qadağan edilib. Ərazidə yaşıllıqlar məhv edilməkdədir, təbiət qətliamla üzləşib, iri gövdəli ağaclar kökündən çıxarılıb. Bu barədə infoaz.org saytına Qubadakı mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, Qəçrəş massivində 5 kilometrə yaxın ərazini "yaşıl terror”a məruz qoyan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdur: "Ekologiya naziri sözügedən ərazini hasarlatdırıb, bacısı Düriyyə Bağırovanın adına rəsmiləşdirib. Ancaq faktiki bu yerin sahibi ekologiya naziridir və o, yaşıllıqları məhv edərək, yerində qolf meydançası tikdirməyə hazırlaşır. Ərazidən axan çayın qarşısını kəsən nazir burada süni göl yaradıb və balıq saxlayır.
H.Bağırov şəxsən özü tez-tez zəbt etdiyi əraziyə gələrək gedən işlərlə maraqlanır, tapşırıqlarını verir. Nazir qolf meydançası salmaq niyyətindədir. Ona görə də ərazi dəmir hasarlarla əhatələnib və meşə zolağına giriş mümkün deyil”.
Sakinlərin sözlərinə görə, ekologiya naziri səfalı təbiəti, təmiz havası olan bu ərazidə ekoloji "terror”a əl atıb, yaşıllıqlara divan tutub. Yerdə dibindən kəsilən ağaclar, kəsilib kənara atılmış ağac budaqları qalaqlanıb. Əraziyə əsas giriş qapısı qıfıllanıb, hündür çəpərlərlə mühasirə olunub, içəri daxil olmadan kənardan baxanda ərazidə nə iş getdiyini müəyyən etmək olmur.
Nazir etdiyi bu ekoloji qanunsuzluğa kimsə şahid olmasın deyə massivə nəzarət üçün təhlükəsizlik kameraları quraşdırıb. Nazirin meşə massivini ələ keçirməsi yaxınlıqdakı evlərin yolunu da kəsib. Bundan başqa, qonşuların evlərinin qarşısı nazirin ucaltdığı hasarlarla bağlanıb. Ekologiya naziri meşəni hasarlatmaqla ətrafda yaşayanların beynəlxalq hüquqla qorunan gün işığı hüququnu da tapdamış olub.
Bakının Xətai, Nizami, Binəqədi rayonlarında ağacların qırılması haqda dəfələrlə yazılıb.
Bu dəfə isə nazir özü birbaşa təbiətə qənim kəsilib və qolf meydançasına görə geniş yaşıllıq zolağı xəritədən silinir.
Sakinlər nazirin zəbt etdiyi meşə massivindən fotoları da redasiyamıza təqdum edib.
.