
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar məlumat yayıb.
İdarədən Trend-ə bildirilib ki, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədirlər. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Qeyd olunur ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır: "118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək. Dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verir və allahdan rəhmət diləyirik”.
***
Bakı Şəhəri üzrə Təhsil İdarəsi araşdırma aparır
Bakının Hövsan qəsəbəsində kütləvi etiraz aksiyası keçirilir. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, etiraz aksiyasında iştirak edənlər bildiriblər ki, 118 saylı məktəbin direktoru Qardaşxan Kərimov məktəbdə təhsil alan şagirdlərin valideynlərini təhqir edib. Bundan hiddətlənən valideynlər isə məktəbin qarşısına toplaşaraq direktorun cəzalanmasını tələb ediblər.
"Müəllimlərdən biri uzun müddətdir işə çıxmırmış. Şagirdlər bununla bağlı direktora müraciət edərək, onun başqa müəllimlə əvəz olunmasını istəyiblər. Direktor isə bunun cavabında "Atanız evə gəlməyəndə onu başqa kişi əvəz edir?” – deyə şagirdlərə təhqiramiz sözlər işlədib”. Bunu Lent.az-ın əməkdaşına valideynlərdən biri söyləyib.
Direktorun şagirdləri təhqir etməsi qəsəbə sakinlərinin etirazına səbəb olub: "Ötən həftə sakinlər məktəbin qarşısına toplaşıblar. Onlar direktorun istefasını tələb ediblər. Bu gün səhər isə məktəb direktoru ilə qəsəbə sakinləri arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı qəsəbə sakini Əliyev Elmar Rəcəbəli oğlunun səhhəti pisləşib. Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Qəsəbə sakinləri E. Əliyevin 21 yaşında olduğunu və hərbi xidmətdən yeni qayıtdığını bildiriblər”.
Hazırda qəsəbədə etiraz aksiyası davam edir.