Səudiyyə Ərəbistanının Bahri gəmiçilik şirkətinə məxsus SIDR tankerinin Hörmüz boğazından keçidi zamanı baş vermiş insident nəticəsində iki filippinli ekipaj üzvü həlak olub.
Şirkətin “X” sosial şəbəkəsində yaydığı məlumata görə, insident 2026-cı il avqustun 31-də yerli vaxtla saat 23:40 radələrində baş verib.
“Bahri iki filippinli ekipaj üzvünün insident nəticəsində həlak olduğunu dərin kədərlə təsdiqləyir”, – şirkətin bəyanatında deyilir.
Şirkət həmçinin bildirib ki, gəmi ilə əlaqəni davam etdirir, müvafiq dövlət qurumları və dənizçilik sektorunun nümayəndələri ilə fəaliyyətini əlaqələndirir, eləcə də vəziyyətin sonrakı inkişafını izləyir.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib
.
