İqtisadçı ekspertlər ölkənin maliyyə sistemindəki problemləri müzakirəyə çıxardı
Samir Əliyev: «Bəzi banklar xarici valyutada əmanət qəbulunu dayandıra bilər»

Dünən "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində iqtisadçıların iştirakı ilə ölkədəki bankların durumu, maliyyə sabitliyi, problemli kreditlərə həsr olunmuş tədbir düzənlənmişdi. Tədbirdə çıxış edən iqtisadçı-ekspert Samir Əliyev problemli kreditlərə toxunaraq bildirdi ki, son statistikaya görə vaxtı keçmiş borclar ümumi kredit portfelinin 7 faizini təşkil edir. Bunu isə son 11 ildə ən kritik göstərici hesab etmək olar. 

İqtisadçı vurğuladı ki, əslində, Mərkəzi Bank real rəqəmləri təqdim etmir. Belə ki, S.Əliyevin hesablmalarına görə, problemli kreditlər təxminən 20 faiz civarındadır. 

Daha sonra bankların konsalidasiya məsələsinə toxunan iqtisadçı, onların birləşməyə getməyəcəyini vurğuladı: "Mərkəzi Bank bankların məcmu kapitalının 10 milyon manatdan 50 milyon manata qədər artırılması ilə bağlı 2013-cü ildə qərar çıxardı. Bir ildən sonra məlum oldu ki, bankların yarısı bu tələbi yerinə yetirə bilmir. Bu səbəbdən Mərkəzi Bank müddəti daha bir il uzatdı. 2014-cü ilin dekabrın 31-də aydın oldu ki, 4 bank tələbi yerinə yetirə bilmədi. Deməli, AMB-nin bu tələbi də bankları birləşdirməyə məcbur edə bilmədi. Əgər məcmu kapital 50 milyona çatdırılmasaydı, böhran dövründə indikindən ağır bir vəziyyətə düşərdilər. Mərkəzi Bankın böhrandan əvvəlki tələbi onları müəyyən qədər xilas edə bildi. Ötən il də konsalidasiya məsələsi yenidən gündəmə gəldi. O zaman kredit təşkilatlarının birləşməyə getməyəcəklərini söyləmişdik və proqnozlarımız da düz çıxdı. Bu gün 6 bank artıq bazarı tərk edib, konsalidasiya məsələsi artıq gündəmdən çıxıb. Düşünürəm ki, bankların birləşməsi onların bağlanmasından daha çox səmərə verə bilər".

Tədbirdə o da vurğulandı ki, hazırda banklardan depozitlərin geri çıxarılması sürətlənib. Eyni zamanda dollarda yatırılan əmanətlərin çoxluq təşkil etməsi maliyyə təşkilatlarına çətinliklər yaradıb: "Bu istiqamətdə əsas gözləntim odur ki, dollar depozitləri üzrə faiz dərəcələri azalmaqda davam edəcək. Bəzi banklar var ki, yüksək faizli depozit cəlb edir. Bir məsələni vurğulayım ki, hansı bank yüksək faizli depozit cəlb edirsə, deməli, həmin maliyyə təşkilatının vəziyyəti ağırdır. Amma güclü banklar yüksək faizlər təklif etmir, çünki onların alternativ mənbələri var. Yaxın dövrdə depozit bazarı kiçilməkdə davam edəcək. Bununla yanaşı, bəzi banklar xarici valyutada əmanət qəbulunu dayandıra bilər. Çünki qəbul etdikləri vəsaiti bazara yönəldə bilmirlər".

S.Əliyevə görə, hökumət əhalinin əlində olan vəsaiti qiymətli kağızlar vasitəsilə yığmağa çalışır: "Bunun üçün həm Maliyyə Nazirliyi, həm də Mərkəzi Bank bir sıra maliyyə alətlərindən istifadə edir. Həmin maliyyə alətləri isə banklara əmanət qoyuluşlarına mənfi təsir göstərir. Maliyyə Bankının manatla buraxdığı istiqrazların faiz dərəcəsi kifayət qədər yüksəkdir. Banklar manatla depozitləri 14-15 faizlə təqdim edirsə, dövlət istiqrazlarının faiz dərəcələri 17 faizə çatır. Təbii ki, əhali daha yüksək gəlir gətirən bir yatırım etməyə çalışacaq. Digər tərəfdən, Mərkəzi Bank ilk dəfə olaraq 129 milyon manatlıq depozit hərracı keçirdi-6.5 faizlə. Bu o deməkdir ki, Mərkəzi Bank bankların depozitlərini alıb 1 ay müddətində saxlayır. Belə olan halda, banklar əhalidən cəlb etdiyi əmanəti kreditə yönəltməkdə maraqlı olmayacaq. Əlindəki pulu dövlət qurumlarının keçirdiyi hərraca yönəldəcək. Nəzərə almaq lazımdır ki, Mərkəzi Bank aylıq, banklar isə minimum 6 aylıq depozit cəlb edir. Qısa müddətli likvidiklik baxımında bu əlverişlidir. Bu baxımdan əmanət bazarı ilə bağlı narahatlıqlar var".

İqtisadçı əlavə etdi ki, hazırda bankların xarici borc məsələsi diqqət çəkir: "Banklar kütləvi şəkildə xarici öhdəliklərdən imtina edir. Nəticədə ölkədən dollar çıxır, amma dollar gəlmir. Ona görə də, tədiyyə balansında mənfi saldo yaranıb".

İqtisadçı "Bizim Yol"un "Xarici və daxili borclanmanın ildən-ildə sürətlə artması Azərbaycanda defolt təhlükəsini yarada bilərmi" sualına belə cavab verdi: "Hazırda defoltdan danışmaq tezdir. Amma gələcəkdə belə bir narahatlıq yarana bilər. Azərbaycanın dövlət borcu ÜDM-də 22 faizdir. Amma devalvasiyadan öncə bu rəqəm 8 faiz idi. Təkcə devalvasiyaya görə borclarımızın həcmi sürətlə artır. Manatın ucuzlaşması ehtimalı artdıqca, dollar etibarı ilə ümumi daxili məhsul da azalacaq. Nəticədə xarici borclar təkcə məzənnəyə görə artacaq. Bundan əlavə, dövlət zəmanəti ilə korporativ borclar artır. Məsələn, SOCAR-ın borcu dövlətin borcu qədərdir. SOCAR-da dövlətin borcunu üst-üstə gəlsək, 16 milyard dollarlıq vəsaitdən söhbət gedir. Eyni zamanda özəl sektorun borcunu da üstünə gəlsək, ümumilikdə 20 milyard dollarlıq borcumuz var. Ümum daxili məhsul bu gün 35-36 milyard dollar təşkil edir. Deməli, 35-36 milyard dollarlıq ÜDM-in 20 milyardını borc təşkil edir. Sadəcə olaraq, burada vəziyyəti yumşaldan amil strateji ehtiyatların olmasıdır. Amma borclanma ilə bağlı yaranmış mənfi tendensiya, yəni kredit reytinqimizin aşağı düşməsi nəticəsində bahalı kreditlərə müraciət etmə bizi narahat etməlidir".

Digər iqtisadçı-ekspert Fuad Əlizadə isə vurğuladı ki, Azərbaycanda defolt təhlükəsi yoxdur: "Dövlətin ehtiyatları borcu 4-5 dəfə üstələyir. Ölkəyə əsas gəlir neftdən daxil olur. Güman etmirəm ki, bundan sonra neftin qiyməti 50 dollardan aşağı düşəcək. Azərbaycan borclanmaya, əsasən Cənubi Qaz Dəhlizi layihələrinə görə girib. Onlardan gəlir gələndən sonra borclar tədricən ödənilib azalacaq".

F.Əlizadə daha sonra bankların kredit siyasətinə münasibət bildirərək vurğuladı ki, Azərbaycanda kredit təşkilatlarının faiz dərəcələri kifayət qədər yüksəkdir. İqtisadçı hesab edir ki, dollarla kreditlərin verilməsinə qadağa qoyulmalıdır: "Yalnız iri və vacib layihələr üçün lazım olanda bir neçə bank dollar krediti ayıra bilər. Bazarın əsas tədavül vasitəsi manat olmalıdır".

F.Əlizadənin sözlərinə görə, real sektor 20-30 faizlik kreditlə işləyə bilməz. Hazırda bankları yarandığı vəziyyətdən çıxarmaq üçün isə dövlət onlara maliyyə yardımı göstərməlidir.   
  
.