Yasamal rayon İcra Hakimiyyətində rəsmilərlə keçmiş «Sovetski» sakinləri nümayəndələrinin görüşü davam edir.
Yasamal rayon icra başçısının birinci müavini Səməd İslamov Təşkilat Komitəsinin suallarına hökumətin cavablarını səsləndirib.
Bildirilib ki, bu ərazidəki torpaqlar dövlət ehtiyacları ilə bağlı qanunvericiliyə uyğun alınmır, çünki dövlət əhəmiyyətli yol çəkilmir, müdafiə və təhlükəsizlik baxımından önəm daşıyan obyekt tikilmir. Yasamal rayonunda yol infrastrukturunun genişləndirilməsini hədəfləyən tikinti üçün Mülki Məcəllənin 565-ci maddəsinə uyğun alqı-satqı aparılacaq. Buna görə də sakinlərdən mənzillərin könüllü alınması nəzərdə tutulub.
Mənzillərin bir kvadratmetrinə 3 min 500-4 min manat təklifinə gəlincə, hökumətin cavabında bildirilib ki, Mülki Məcəllənin 139.1 maddəsinə görə, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin «kupça»sı olmasa da, sakinlərin uzun müddət yaşaması və ərazinin mərkəzə yaxınlığı diqqətə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib.
O da diqqətə yetirilib ki, ərazidə yerləşən tikililərin böyük əksəriyyəti mövcud tikinti və yaşayış normalarına uyğun gəlmir, kommunikasiya sistemləri də yaxşı vəziyyətdə deyil. Son dövrlərdə müəyyənləşdirilib ki, daşınmaz əmlakın hər kvadratmetrinin dəyəri 1500 manatdan azdır. Buna baxmayaraq, sakinlərə bazar qiymətlərinə uyğun gələn 1500 manat təklif olunur. Yüz sakinin həmin vəsaiti bankdan götürdüyü, xeyli müraciətçinin obyektlərini həmin qiymətə satmağa razılaşdığı, sakinlərin təklif etdiyi 3 min 500-4 min manatın reallığa uyğun olmadığı bildirilib.
Hər ailəyə fərdi yanaşmaq təklifinə gəlincə, cavabda qeyd edilib ki, satınalma mənzil sahibləri ilə qarşılıqlı razılaşma əsasında gerçəkləşəcək. Razılaşma olarsa, məbləğ sakinlərin hesabına köçürüləcək və bu zaman mənzildə qeydiyyatda olanların sayı nəzərə alınmayacaq.
Söküntü zamanı divarların, soba yerlərinin və s. sahələrin də nəzərə alınması ilə bağlı bildirilib ki, məsələ Mülki Məcəllənin 59-cu maddəsinə görə tənzimlənir və sözügedən yerlər mənzil sahəsinə aid edilmir.
Satın alınarkən mənzillərin yerinə və təmirə fərdi yanaşmaqla bağlı təklifə də cavab verilib. Cavabda vurğulanıb ki, satın alınacaq obyektlər üçün təklif edilən 1500 manat müəyyənləşdirilərkən təmir də nəzərə alınıb.
Söküntü zamanı əhalinin məişətinə hər hansı təsir göstərilməməsi barədə təklifə cavab olaraq bildirilib ki, mülkiyyətçilərlə razılaşma əldə edilməli və kompensasiya ödənilməlidir. Söküntü işləri yalnız bundan sonra başlana bilər.
Sakinlərin şəhərin mərkəzində mənzillərlə təmin edilməsi təklifinə də müsbət cavab verilməyib. Bildirilib ki, torpaqlar dövlət ehtiyacı üçün alınmadığından mənzil sahibləri ilə münasibətləri Mülki Məcəllə tənzimləyir.
Mülki Məcəllənin 405-ci maddəsinə görə, tərəflər razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Razılıq verməyən sakinlər əvvəlki qaydada yaşamağa davam edə bilərlər.
Təşkilat Komitəsinin üzvləri ilə müzakirələr davam edir.
*** 19 : 00
"Sovetski"də vəziyyət gərginləşib. Bu barədə yenizaman.az-ın əməkdaşının verdiyi məlumata görə, sakinlərlə polis arasında qarşıdurma yaranıb. "Sovetski"yə qiriş-çıxış polis və daxili qoşunların qüvəlləri tərəfindən bağlanıb. Məlumatlarda həmçinin bildirilir ki, etiraz aksiyası keçirmək istəyən sakinlər avtobuslara doldurularaq polisə aparılır. Hal hazırda şəhərin mərkəzi iflic vəziyyətə düşüb.
*** 16 : 03
"Sovetski" adlanan yaşayış massivinin sakinləri etiraz aksiyası keçirmək üçün toplaşırlar.
Bu barədə yenizaman.az-a daxil olan məlumatlara görə, sakinlərin onların evlərinin sökülməsinə görə verilən kompensasiya etiraz edirlər. Hal hazırda isə 173 saylı orta məktəbin qabağında yüzə yaxın insanın toplaşdığı bildirilir.
Qeyd edək ki, Maliyyə Nazirliyi bu gün kompensasiyanın həcminin kvadrat metrə görə 1500 manatdan artıq olmayacağını bildirib və bu açıqlama üidlə gözləyən sakinlərin hiddətinə səbəb olub.
.
