Hindistan növbəti 5 ildə 30 milyon ev inşa edəcək.

Bunu Hindistan Milli Mənzil Bankının idarəedici direktoru Sancay Şukla Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Hindistan müxtəlifliyin olduğu ölkədir: "Ölkənin müxtəlif yerlərində fərqli məskunlaşma yanaşmaları mövcuddur. Lakin biz ardıcıl fəaliyyətimiz sayəsində 2014-cü ildən 2019-cu ilə qədər 29,5 milyon ev təhvil vermişik. Qarşıdakı 5 ildə isə 30 milyon ev təhvil veriləcək. Bu 30 milyonun 20 milyonu şəhər yerlərində, 10 milyonu isə kənd yerlərində olacaq".

Qonaq əlavə edib ki, bu gün Hindistanda əmanətlər üzrə 7 %-lik, ipoteka kreditləri üzrə isə təxminən 8-9 %-lik faiz dərəcəsi mövcuddur: "Beləliklə, 4 % dərəcəsi ilə biz fondu 5-7 dəfə artırdıq və ilkin kredit institutlarını maliyyələşdirdik. Çünki Hindistanda banklardan əlavə, 94 ipoteka şirkəti var ki, onlar əsasən şəhər əhalisinin, o cümlədən iqtisadi cəhətdən zəif təbəqənin kreditləşməsi ilə məşğuldur. Hətta son vaxtlar 34 şirkət yalnız şəhər yoxsulları üçün fəaliyyətə başlayıb. Bizim təxminən 7 milyona yaxın şəhər yoxsulu hesabımız var və Hindistanda ödəniş gecikməsi nisbəti 1 %-dən aşağıdır".

.