
“Ermənistan sülhə hazır olduğunu bəyan etsə də, sülhlə bağlı bütün imkanları məhv etmək siyasətini yürüdür”.
Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Ermənistan baş naziri bir müddət əvvəl münaqişənin sülh yolu ilə həlli olmadığını bəyan edib: “Dünyadakı ermənilərə müharibədə iştirak çağırışları edilir. Bu, ATƏT-in Minsk Qrupunun səylərinə, cəhdlərinə böyük zərbədir. Prezident İlham Əliyev müsahibələrində Azərbaycanın münaqişənin sülh, hərbi-diplomatik yolla həllinə hazır olduğunu bəyan edib. Münaqişə o vaxt sülh yolu ilə həll oluna bilər ki, qarşı tərəf konstruktiv olsun, vədlərinə sadiq qalsın. Azərbaycanın mülki obyektlərinə hücumlar davam etməkdədir”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Gəncəyə iki dəfə ballistik raket atılıb, Bərdəyə kasetli raketlərlə zərbə endirilib: “Qəsdən kasetli silahlardan istifadə edirlər. Xüsusən Bərdəyə hücumda gördük ki, Ermənistan kasetli silahlardan istifadə edərək kütləvi ölümə nail olmaq istəyir. Son dövrlər Ermənistan fosforlu mərmilərdən istifadə etməyə başlayıb. BMT-nin İnsan Hüquqları üzrə ali komissarının bəyanatında Bərdəyə qarşı kasetli silahdan istifadə edildiyi qeyd edilib. Amma onun bəyanatında Gəncənin ballistik raketlə vurulması qeyd olunmayıb. Təəssüf ki, BMT komissarının bəyanatında Ermənistanın saxta videosuna da istinad olunub. Bununla bağlı mövqeyimiz BMT-nin Azərbaycandakı ofisinə də çatdırılacaq”.
H. Hacıyev nəzərə çatdırıb ki, terroru dəstəkləyən dövlətlər döyüşdə uduzanda assimmetrik və hibrid metodlardan istifadə edilir: “Ermənistanın da belə niyyəti var. Bununla əlaqədar ölkədəki vətəndaşlarımıza və xaricdəki soydaşlarımıza ehtiyatlı olmaq tövsiyə edilib. ASALA və digər terror təşkilatlarının xətti ilə terrora cəhdlər ola bilər”.
Azərbaycan Prezidentinin köməkçisi: “Hərbi əməliyyatların tərkib hissələrindən biri də informasiya müharibəsidir”
“Hərbi əməliyyatların tərkib hissələrindən biri də informasiya müharibəsidir”.
Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyevin sözlərinə görə, sentyabrın 29-dan indiyə qədər Prezident İlham Əliyev dünyanın aparıcı media qurumlarına çoxsaylı müsahibələr verib: “Ermənistanın siyasi-hərbi rəhbərliyi Prezident İlham Əliyevin bu fəaliyyətini imitasiya etmək istəyir, ancaq bu, əks effekt verir, özlərinin işğalçılıq siyasətlərini ifşa edirlər. Azərbaycan dövlət başçısına bu kimi müsahibələrdə provokativ suallar da görürük, ancaq Prezident səbir və təmkinlə cavablar verir. Təəssüf ki, beynəlxalq media qurumları ədalətli, obyektiv materiallar hazırlayanda təzyiqlərlə üzləşirlər. “Nyu-York Times” da belə təzyiqlərə məruz qalır. Azərbaycan belə halları qəti şəkildə qınayır”.
Hikmət Hacıyev: “Azərbaycanın haqq işi beynəlxalq səviyyədə dəstəklənir, bu, uzun müddət aparılan diplomatik siyasətin nəticəsidir”
“Ali Baş Komandanın başçılığı altında Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyünü bərpa edilməsi uğrunda mübarizəni davam etdirir”.
Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, düşmən hər gün təxribatlara yol verir: “Azərbaycan Ordusu təxribat və hücumların qarşısını almaqdadır. Azərbaycanın haqq işi beynəlxalq səviyyədə dəstəklənir. Bu, Azərbaycanın uzun müddət apardığı diplomatik siyasətin nəticəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, həm də Azərbaycanın Qoşulmama Hərəkatının, Türk Şurası kimi qurumların sədri olması və bu istiqamətində fəaliyyəti ilə bağlıdır”.
.