“Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri var”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, vətəndaşların qarşılıqlı keçidi istiqamətində tədbirlər həyata keçirilir: “Rusiyadakı vətəndaşların quru və hava yolu ilə gəlməsi üçün xüsusi portal yaradılıb, bu portalda qeydiyyatdan keçmək vacibdir. Xaricdəki vətəndaşların ölkəyə gəlməsi ölkədəki karantin müəssisələrinin tutumu nəzərə alınaraq həyata keçirilir. Həftə ərzində 400-ə qədər vətəndaşımızın ölkəyə gətirilməsi mümkündür. Apreldə vətəndaşların gəlməsinin məhdudlaşdırılması ilə səhiyyə müəssisələri daha yaxşı konsentrasiya oldular”.

H. Hacıyev qeyd edib ki, bu günlərdə Rusiya vətəndaşlarının Azərbaycandan çıxması üçün xüsusi dəhliz yaradılır: “Biz kor təbiiliyə yol verə bilmərik. Portalda qeydiyyatdan keçmiş vətəndaşların xüsusi qrafiklə gətirilməsi təmin olunacaq. Sərhədə gəlmək, dövlət orqanlarının fəaliyyətinə maneə yaratmaq yolverilməzdir. Sonuncu dəfə 550 vətəndaşımızın ölkəyə gəlməsi zamanı mən də sərhəddə oldum, onlar şimal zonasındakı otellərdə yerləşdirildi. Gələn vətəndaşlar təbii ki, ilk növbədə qohumları ilə görüşməyə çalışır. Ancaq bu, xəstəliyə yoluxma ehtimalı ilə əlaqədar olaraq yolverilməzdir”. 

XİN: Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı hər hansı məhdudiyyət yoxdur

“Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı hər hansı məhdudiyyət mövcud deyil. Sadəcə, mayın 31-dək beynəlxalq uçuşlar dayandırılıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, əgər qarşı tərəf, xarici ölkə qəbul etməyə hazırdırsa, vətəndaşların, xüsusən oturum icazəsi olan şəxslərin çarter reysi ilə səfəri həyata keçirilir.

Hikmət Hacıyev isə qeyd edib ki, xüsusi karantin rejimi ilə bağlı səfərlərdə məhdudiyyətlər var: “Ümumi vəziyyətə uyğun olaraq bu sahədə addımların atılması mümkündür. Hazırda vizalarla bağlı məhdudiyyət qüvvədə qalır”.

NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı etiraz məktubu göndəriləcək

“2016-cı il 23 fevral tarixində sazişində Azərbaycanla İran arasında Araz çayı üzərində su qovşaqlarının tikintisi ilə bağlı razılaşma əldə edilib”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, saziş hər iki ölkənin parlamentində təsdiqlənib.

O, NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması məsələsinə də toxunub: “NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması halından xəbərimiz var. Biz belə hallarda təmasa keçirik və etirazımızı bildiririk, təhrif olunmuş hallar aradan qaldırılır. Bu halla bağlı ABŞ-dakı səfirliyimiz tərəfindən aidiyyəti etiraz məktubunun göndərilməsi nəzərdə tutulub”.

.