“Ermənistan bölgədə qonşu ölkələrdə normal münasibətlər qurmalıdır. Ancaq erməni diasporu bu məsələdə mənfi rol oynayır”.

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin bildirib.

H. Çətin deyib ki, Azərbaycan torpaqlarını işğaldan azad edib, artıq gələcəyə baxmaq lazımdır: “Yeri gəlmişkən, ABŞ, Rusiya və Fransanın həmsədri olduğu ATƏT-in Minsk qrupunun münaqişənin danışıqlar yolu ilə həllini təmin etmədi. Bu ölkələrdə də çoxsaylı erməni diasporu yaşayır. Artıq heç bir yol qalmadığı üçün Prezident İlham Əliyevin əmri ilə əks-hücumdan keçən Azərbaycan Ordusu keçən il 44 günlük müharibə zamanı işğal altındakı torpaqları azad edib”.

Türkiyənin sabiq xarici işlər naziri gənclərin Ermənistanı tərk etdiyini nəzərə çatdırıb: “Bunun qarşısını almaq üçün Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Mən xarici işlər naziri olduğum dövrdə buna çox çalışırdım. İndiki situasiyada da Ermənistanda revanşist planlardan əl çəkilməlidir. Məsələlər artıq ancaq sülh yolu ilə həll olunmalıdır. Ermənistanın inkişafı Azərbaycansız, Türkiyəsiz mümkün olmayacaq. Erməni diasporunun yaşadığı ölkələr – ABŞ, Rusiya və Fransa da Cənubi Qafqazda sülhü dəstəkləməlidir. Artıq müharibə zamanı deyil, bizə sülh, əməkdaşlıq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev də bəyan edib ki, hərtərəfli sülhə hazırıq”.

.