Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Vahid Vəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 28-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ötən ilin avqust ayının 25-də Sumqayıt şəhəri sakini Yeganə Mirzəyeva evdən çıxıb, geri qayıtmayıb. Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o tutulub.
