Avqustun 16-17-də Rusiyanın Həştərxan şəhərində keçiriləcək Xəzər Media Forumunda bütün Xəzəryanı ölkələrin nümayəndə heyətləri, həmçinin Özbəkistan və Moldovadan ekspertlər iştirak edəcəklər.
Bu barədə TASS-a Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov bildirib.
“Bu il Xəzər Media Forumunda ənənəvi olaraq bütün Xəzəryanı ölkələrin - Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın nümayəndə heyətləri iştirak edəcəklər. Ənənəyə uyğun olaraq forumun tərəfdaş ölkəsi Özbəkistan Respublikası olacaq”, - nazir qeyd edib.
Onun sözlərinə görə, Xəzər Media Forumuna ümumilikdə 120-yə yaxın xarici qonaq qatılacaq. Nümayəndə heyətlərinin tərkibində həm dövlət orqanlarının nümayəndələri, həm də Xəzəryanı ölkələrin KİV rəhbərləri təmsil olunacaq.
Daha əvvəl verilən məlumata görə, bu il Xəzər Media Forumu doqquzuncu dəfə keçiriləcək. "Mədəniyyətlərin dialoqu Xəzər regionunun inkişafının əsası kimi" mövzusunda keçiriləcək tədbir çərçivəsində Xəzəryanı ölkələr arasında informasiya mübadiləsi üçün yeni media platformasının təqdimatı planlaşdırılır. Bundan əlavə, forumda “Sərhədsiz Xəzər” beynəlxalq jurnalist müsabiqəsinə yekun vurulacaq.
.