Bağanis-Ayrım soyqırımı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 18 şəxs barəsində axtarış elan edilib.

Bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, həmin şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub:

"Həmin şəxslər barəsində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və onların axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda Azərbaycan Respublikasının Baş prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin nəzarəti ilə bu istiqamətdə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslər mütləq cəzalandırılacaqlar".

Firad Əliyev qeyd edib ki, hadisə zamanı azərbaycanlı olduqlarına görə üçü qadın, biri 39 günlük körpə olmaqla, 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla öldürülüb, iki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib:

"Eyni zamanda, 12 yaşayış evi qarət edilərək yandırılıb, eləcə də 438 nəfər kənd sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıblar".

.